İQTİSADİYYAT
KOBİA sədri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadınların sayını açıqlayıb
Bakı, 22 may, AZƏRTAC
KOBIA-nın dəstəyi ilə Azərbaycanda bu günədək 50-dən çox sərgi və satış yarmarkası keçirilib. Bu tədbirlərdə 1300-dən çox sahibkar faydalanıb, onların 50 faizdən çoxunu qadınlar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “SHE Congress”ində çıxışı zamanı deyib.
KOBİA-nın qadınların sahibkarlıqla məşğul olmalarını dəstəklədiyini qeyd edən O.Məmmədov bildirib ki, paytaxt və regionlarda 50-dən çox KOBİA İnkişaf Mərkəzi fəaliyyət göstərir.
“Bu il ərzində KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən keçirilən təlim və məsləhət xidmətlərindən 300-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb. İşğaldan azad olunmuş bölgələrdə də biznes qurmaq üçün qadın sahibkarlar müraciət edirlər. Bakıda və regionlarda qadınlar üçün 50-dən çox KOB mərkəzləri fəaliyyət göstərir, qadın sahibkarlar üçün burada təlimlər təşkil olunur”, - deyə O.Məmmədov vurğulayıb.
“Azərbaycanın biznes ictimaiyyətində menecer ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”nda qadınların aktiv iştirak etdiyini bildirən Orxan Məmmədov proqram üzrə Azərbaycandan 120 qadının Almaniyada təlim keçdiyini əlavə edib.
“Qadınlar KOBIA və dövlətimizin yaratdığı digər dəstək mexanizmlərindən daha aktiv istifadə etməlidirlər. Cari il ərzində təhsil, elm, tədqiqat, dəstək layihələrinin maliyyələşdirilməsi üzrə 13 qadın sahibkarın təqdim etdiyi layihələrə KOBİA tərəfindən qrant təqdim edilib. Ötən müddət ərzində digər 23 qadın sahibkara KOBİA-nın “Startap” şəhadətnaməsi verilib. Aparılan təhlillər və sorğular göstərir ki, qadın sahibkarların biznes yönümlü bilik və bacarıqlarının artırılması vacibdir”, - deyə KOBIA İdarə Heyətinin sədri vurğulayıb.
Ölkə iqtisadiyyatında qadın sahibkarların artan rolu, məşğulluğun təmin olunmasında qadın sahibkarlığın müstəsna əhəmiyyətinin daima təşviq olunduğunu vurğulayan KOBİA sədri bildirib ki, Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bu il 2 qadın sahibkar “25 aprel sahibkarlar günü” münasibətilə ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif ediliblər.
“Sahibkarlığın, o cümlədən qadın sahibkarlığın inkişafının dəstəklənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da ön sırada dayanır. Onun xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Dövlət Statistika Komitəsinin cari ilin may ayına olan məlumatına əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 300-dən çox olub. Sahibkar qadınların 25,4 faizi kənd təsərrüfatında, 21,5 faizi ticarət, 35,3 faizi xidmət sahəsində fəaliyyət göstərir”, - deyə O.Məmmədov əlavə edib.