SİYASƏT
Kolumbiyanın “El Espectador” qəzetində Metsamor AES-in qlobal təhlükə olmasına dair məqalə dərc edilib
Bakı, 3 iyun, AZƏRTAC
Kolumbiyanın nüfuzlu qəzetlərindən olan “El Espectador”da Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının qlobal təhlükə olmasına dair məqalə dərc edilib.
Məqalədə Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Ramil Fərzəliyevin fikirlərinə yer verilərək Metsamor Atom Elektrik Stansiyasının dünya üçün təhlükə mənbəyi olduğu bildirilir. Bu stansiyanın seysmik ərazidə yerləşdiyi qeyd edilərək 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələnin stansiyanın yerləşdiyi əraziyə yaxın məsafədə olduğu, bundan sonra stansiyanın bağlandığı, lakin 1995-ci ildə Ermənistan hökuməti tərəfindən onun fəaliyyətinin bərpa edildiyi diqqətə çatdırılır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində beynəlxalq birliyi bu stansiyadan qaynaqlanan təhdidlərə qarşı tədbirlər görməyə çağırdığı vurğulanır.
Məqalədə Avropa Şurası Parlament Assambleyasının, Avropa İttifaqının, ABŞ-ın Enerji Departamentinin, digər beynəlxalq təşkilatların sənədlərində və hesabatlarında Metsamor AES-in ən təhlükəli stansiya olduğu, fəal seysmik zonada yerləşdiyi və bütün region üçün potensial təhlükə mənbəyi olduğu, Ermənistanın beynəlxalq çağırışlara məhəl qoymadığı bildirilir.
Qeyd olunur ki, iqtisadi və siyasi böhran içində olan Ermənistanda nüvə və digər radioaktiv materiallara nəzarət edilmir, bunun nəticəsi olaraq Ermənistanda böyük nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı hallarına rast gəlinir.
Məqalədə Ermənistan tərəfindən həyata keçirilən radioaktiv materialların qaçaqmalçılığı halları və stansiyanın Avropa məkanı üçün ekoloji təhlükə mənbəyi olduğu nəzərə alınaraq onun Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən ciddi nəzarətə götürülməsinin vacibliyi vurğulanır.