İDMAN
KOMANDAMIZ 28-Cİ YERDƏ
Ölkəmiz ümumi hesabda 38 komanda arasında 28-ci yerə çıxmışdır. Yalnız bir bürünc medala sahib olmuş Ermənistan isə 38-ci yeri tutmuşdur. 10 ölkənin komandası isə heç bir medal qazana bilməmişdir.
Tədbirdən sonra AZƏRTAC-ın xüsusi müxbiri Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsi sədrinin müavini Çingiz Hüseynzadədən idmançılarımızın olimpia festivalında keçirdikləri yarışlara münasibətini bildirməsini xahiş etmişdir. O demişdir:
--Mənim fikrimcə, komandamızın bu yarışlardakı çıxışı müvəffəqiyyətli olmuşdur. Əvvəlki illərlə müqayisədə yaxşı nəticələr əldə edilmişdir. Əgər bir neçə il öncə Danimarkada 4 bürünc, İspaniyada 2 gümüş və 2 bürünc medal qazanmışdıqsa, burada keçirdiyimiz yarışlarda 2 gümüş və 3 bürünc medala sahib olmuşuq. Bu, heç də pis nəticə deyil.
Komandamız bu medalları cüdoçuların hesabına qazanmışdır. Fürsətdən istifadə edərək cüdoçuları və onların məşqçilərini ürəkdən təbrik edirəm.
Bildiyiniz kimi, avqust ayında Bakıda Avropa birinciliyi uğrunda yarışlar keçiriləcəkdir. Bu festivalda iştirak etmək, bir növ daha çətin və məsul yarışlar qarşısında sınaq idi. Əminəm ki, komandamız doğma divarlar arasında daha yaxşı nəticələr göstərəcək və onlara bəslənilən etimadı layiqincə doğruldacaqdır.