SİYASƏT
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Bakı, 1 avqust (AZƏRTAC). Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, məhkəmə tərəfindən dəbbə pulunun azaldılmasının mümkünlüyünü nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə tətbiq edilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.