SİYASƏT
Koreya Xarici Dillər Universitetində Azərbaycan və türk musiqiləri səsləndirilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 9-da Koreya Respublikasının Xarici Dillər Universitetində Türk və Azərbaycan dilləri fakültəsinin təşkilatçılığı ilə tələbə və məzunlar üçün mədəniyyət tədbiri keçirilmişdir.
Türk və Azərbaycan dilləri fakültəsinin dekanı Oh Chong Jin tədbirdə çıxış edərək fakültə haqqında məlumat vermiş, burada təhsil alan azərbaycanlı və türkiyəli tələbələrin sayının hər il artdığını bildirmişdir.
Sonra tələbələr maraqlı konsert proqramı ilə çıxış etmişlər.
BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının Koreya Xarici Dillər Universitetində fəaliyyət göstərən mədəniyyət dərnəyinin koreyalı tələbələri Azərbaycanın “Naz eləmə” milli rəqsini, mahnılarını, eləcədə türk musiqilərini ifa etmişlər. Onların çıxışları alqışlarla qarşılanmışdır.
Sonda qonaqlar Azərbaycan milli mətbəxinin ləziz yeməklərindən dadmışlar.