SİYASƏT
Krakovda məkrli erməni təbliğatı ifşa edilmişdir
Bakı, 11 iyun (AZƏRTAC). Polşa Bacarıqlar Akademiyasının nəzdində fəaliyyət göstərən Şərqi Avropa Komissiyasının, “Lehahayer” jurnalı redaksiyasının, Polşa ermənilərinin Varşava Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Sumqayıt və Xocalı” mövzusunda konfrans adlandırılan, lakin konfransla heç bir əlaqəsi olmayan tədbir keçirilmişdir. Təşkilatçılar Ermənistan və Azərbaycan səfirliklərinin konfransa dəvət olunmayacaqları barədə tərəflərə bildiriş göndərmişlər. “Konfrans”da Polşada fəaliyyət göstərən Azərbaycan və Ermənistan icmaları nümayəndələrinin, müstəqil ekspertlərin sərbəst iştirakına icazə verilmişdir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilmişdir.
Tədbirdə erməni əsilli, Polşada erməni və polyak dillərində nəşr olunan rüblük “Avedis” qəzetinin redaktoru Armen Artvixt mövzu ilə bağlı çıxış etmişdir. Çıxışını əsasən Azərbaycan və Ermənistan KİV-lərindən əldə etdiyi məlumatları səsləndirməklə özünü obyektiv şəxs kimi qələmə vermək istəyən A.Artvixt bildirmişdir ki, Sumqayıtda ermənilərə qarşı “soyqırımı” həyata keçirilmiş və nəticədə 32 nəfər qətlə yetirilmişdir. O, Sumqayıt hadisələrinə başçılıq edən erməni əsilli Eduard Qriqoryanın guya erməni olmaması ilə bağlı əsassız fikirlər səsləndirmişdir. Xocalı soyqırımına ötəri toxunan A.Artvixt faciə nəticəsində 613 nəfərin qətlə yetirildiyini söyləməklə kifayətlənmişdir.
A.Artvixtin çıxışından sonra müzakirələr aparılmışdır. Müzakirələrdə iştirak edən erməni təşkilatlarının üzvləri və bu təşkilatlarla əlaqədə olan şəxslər son zamanlar Polşada Azərbaycanın geniş şəkildə təbliğindən açıq-aşkar narahat olduqlarını söyləmişlər. Onlar Azərbaycan səfirliyi tərəfindən müxtəlif mövzular, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda kitab və jurnalların nəşr etdirildiyini bildirmiş, Varşavanın bir çox kitabxanalarında, ali təhsil ocaqlarında həmin materiallara rast gəldiklərini söyləmişlər.
Tədbirdə iştirak edən azərbaycanlı tələbələrdən Aybəniz Alıyeva A.Artvixtə və “Qlivitsada Müqəddəs Üçlük” kilsəsinin cənubi erməni-katolik parafiyasının keşişi Tadeuş İsakoviç-Zalevskiyə müraciət etmişdir. O demişdir: “Siz Sumqayıtda erməni millətçiləri tərəfindən qətlə yetirilmiş 26 nəfər erməninin ölümünü “soyqırımı” adlandırırsınız. Xocalıda 613 nəfər günahsız azərbaycanlı qadın, körpə, qocanın xüsusi qəddarlıqla ermənilər tərəfindən qətlə yetirilməsinə isə ötəri toxunursunuz. Sizin bu cinayət haqqında şəxsi fikriniz nədir? Bəs bu, azərbaycanlılara qarşı soyqırımı deyilmi?”
Onlar müxtəlif vasitələrlə suala cavabdan yayınmışlar.
Azərbaycanlı tələbə “konfrans”ın təşkilatçılarından olan Polşa ermənilərinin Varşava Mədəniyyət Mərkəzinin təmsilçisi Göhər Xaçatryana xitabən həmin təşkilatın xalqlar arasında müxtəlif, o cümlədən millətlərarası və dini zəmində ədavətin qızışdırılması sahəsində fəaliyyətinə dair ifşaedici faktlar səsləndirmişdir. Tələbələrimiz tərəfindən səsləndirilən fikirlərə təşkilatçılar tərəfindən onları qane edəcək cavab verilməmişdir.
Varşavada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyəti tərəfindən Xocalı və Sumqayıt hadisələri ilə bağlı nəşr olunmuş açıqcalar tədbir iştirakçılarına paylanmışdır.