CƏMİYYƏT
Küləkli Bakı - FOTOREPORTAJ
Bakı, 4 aprel, AZƏRTAC
Bakını əbəs yerə küləklər şəhəri adlandırmırlar. Əslində onun küləksiz günlərinə çox nadir hallarda təsadüf etmək olar.
Bu gün səhər saatlardan başlanan güclü külək isə tamam başqa idi... Sinoptiklər bəzi yerlərdə onun sürətinin saniyədə 35 metrə çatdığını deyirdilər.
Gün ərzində hər yerdə külək at oynatdı. Xəzərin dalğaları şahə qalxdı. Kiminsə saçlarını dağıtdı, kiminsə çantasını ələk-vələk elədi, kiminsə papağını başından almağa çalışdı…
Olsun! Bakını küləksiz təsəvvür etmək olarmı? Kimini yolundan saxlasa, kimini evdən çıxmağa imkan verməsə də, gənclərə mane ola bilmədi. Dəli küləklərin at oynatdığı küçələrdə onlar yenə də öz coşğunluqlarını, nikbinliklərini, deyib-gülmək həvəslərini itirmədilər. Kimi “gedək üzü küləyə” oxudu, kimi də sevgi etirafını etməkdən də çəkinmədi.
Bircə o qalır ki, yaz ovqatlı ana təbiətdən “Külək, niyə belə əsirsən?” soruşasan…
AZƏRTAC-ın fotomüxbirlərinin küləkli Bakıdan çəkdiyi fotoları təqdim edirik.