İQTİSADİYYAT
Küveyt neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması ideyasını dəstəkləyir
Bakı, 14 mart, Nihad Budaqov, AZƏRTAC
Küveyt Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi sazişin müddətinin uzadılmasını istəyir.
AZƏRTAC “Kuna” agentliyinə istinadla xəbər verir ki, bunu Küveytin neft naziri Əssam əl-Məzruk deyib.
O bildirib ki, ölkəsi iyunda müddəti bitəcək sazişin uzadılması ideyasını dəstəkləyir. Çünki bu sazişin müddətinin uzadılması neft bazarında tarazlığın bərpasını sürətləndirəcək. Nəticədə isə neftin qiyməti hasilatçı ölkələr və ümumilikdə, neft sektoru üçün lazımi səviyyəyə yüksələcək.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Natiq Əliyev də OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi sazişin müddətini uzadılacağı təqdirdə Azərbaycanın bu təşəbbüsə qoşulacağını deyib.
Qeyd edək ki, OPEC bu il yanvarın 1-dən gündəlik hasilatı 1,2 milyon barrel - 32,5 milyon barrelə qədər azaltmaq barədə razılıq əldə edib. OPEC üzvü olmayan ölkələr isə gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılığa gəliblər. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi yanvar və fevral aylarında tam yerinə yetirib. Bu razılıqlar 2017-ci ilin birinci yarısını nəzərdə tutur.