SİYASƏT
Küveytdə 28 May - Respublika Günü qeyd olunmuşdur
Bakı, 26 may (AZƏRTAC). Azərbaycanın Küveytdəki səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Qəbulda Küveytin dövlət və hökumət nümayəndələri, o cümlədən məskunlaşma üzrə dövlət naziri Yasr Həsən Əbil, Qadın Məsələləri üzrə Komitənin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah, paytaxt Əl-Küveyt şəhərinin Valisi Səbit Məhəmməd Əl-Mihənnə, keçmiş Vali Şeyx Əli Əl-Cabir Əl-Sabah, Əl-Farvaniyə əyalətinin valisi Faisal Əl-Humud Əl-Malik Əl-Sabah, Küveyt Mülki Aviasiya Baş İdarəsinin prezidenti Favvaz Əl-Farah, hakim ailənin üzvləri, Küveyt parlamentinin deputatları, ölkənin tanınmış ictimai-siyasi xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, turizm guşələri, sürətlə inkişaf edən iqtisadiyyatı barədə sənədli film nümayiş etdirilmişdir.
Rəsmi qəbul Əməkdar İncəsənət Xadimi Səlim Abbasov və pianoçu Qorxmaz Qurbanovun ifasında konsert proqramı ilə davam etmişdir.
Küveytin kütləvi informasiya vasitələri rəsmi qəbulu işıqlandırmış, həmçinin ölkəmizlə bağlı süjetlər yayımlamışdır.