DÜNYA
Kvant plazmasında yeni hadisə: cərəyan sürətlənir
Bakı, 5 aprel (AZƏRTAC). Müasir dövrdə daha yığcam və güclü prosessorlar elektron sənayesi üçün çox vacibdir. Alman alimləri kvant plazmasında əvvəllər məlum olmayan bir hadisə aşkar etmişlər. Bu yenilik həmin problemi həll etməyə imkan verə bilər.
Plazma dedikdə ionlaşdırılmış elektrik keçirici qaz nəzərdə tutulur. Belə qazın tərkibinə müsbət və mənfi yük daşıyıcıları (ionlar və cırlaşmayan elektronlar) daxildir. Kainatdakı adi materiya demək olar ki, plazmadan ibarətdir, Yerdə isə plazmadan idarə edilən istilik-nüvə sintezində, təbabətdə, sənayedə və başqa sahələrdə enerji istehsalı üçün istifadə edilir.
Bohumdakı (Almaniya) Rur Universitetinin fizikləri müəyyən etmişlər ki, mənfi yüklü potensial müsbət yüklü hissəcikləri (ionları) atoma oxşar plazma strukturları şəklində birləşdirməyə imkan verir. Beləliklə, elektrik cərəyanı adi haldakına nisbətən qat-qat sürətli və səmərəli hərəkət edir, bu isə nanotexnologiyalar üçün yeni perspektivlər yaradır. Yeni effekt kvant plazmasında atom səviyyəsində müşahidə olunur. Bu halda kvant plazmasının sıxlığı normal vəziyyətlə müqayisədə çox yüksək, onun temperaturu isə əksinə, aşağı olur.
Alimlərin kəşf etdiyi mənfi potensial ionlar arasında cazibə qüvvəsi yaradır, beləliklə onlar ion şəbəkələri yaradırlar. həmin şəbəkələr sıxıldıqda onların arasındakı məsafə azalır və cərəyan qat-qat sürətlə hərəkət edir. Bu hadisə cırlaşan elektronlarla kvant plazması arasında kollektiv qarşılıqlı təsir proseslərinin nəticəsidir.
Belə plazmanı, məsələn, nüvə yanacağının çatışmadığı parlaq ulduzlarda (ağ cırtdanlar) tapmaq və ya laboratoriya şəraitində lazer şüalarının köməyi ilə almaq mümkündür.
Rur Universitetindən olan fiziklərin bu tədqiqatı atom səviyyəsində ion kristallaşması imkanı yaradır. Elmi tədqiqatların tamamilə yeni olan bu istiqaməti fizikanın müxtəlif bölmələri arasında əlaqə yarada bilər. Praktiki baxımdan bu kəşf kvant kompyuterləri, yarımkeçiricilər, son dərəcə nazik metal təbəqələri və metal nanostrukturlar üçün mikrosxemlər yaradılmasına kömək edə bilər.