MƏDƏNİYYƏT
Latviyanın turizm portalında Azərbaycanın əbədi od mənbələri barədə məqalə yerləşdirilib
Riqa, 11 oktyabr, AZƏRTAC
Latviyanın turgid.Lv. portalında “Odlar Yurdu: Azərbaycanın əbədi od mənbələri” adlı məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın neft hasil edən qədim ölkələrdən biri olduğu bildirilir. Ölkədə neft və təbii qaz ehtiyatı o dərəcədə çoxdur ki, onlar demək olar ki, yerin üst qatına özləri “çıxır”. Nəticədə Azərbaycanın hər yerində əsl təbii əbədi od alovlanır.
Məqalədə deyilir: “Bu təbii alovların tarixi əsrlərin dərinliyinə gedib çıxır. Məşhur səyyah Marko Polo bu haqda hələ XIII əsrdə yazıb. Sonralar Aleksandr Düma da öz əsərlərində bu əbədi alov mənbələri haqqında xatırladıb. O, Azərbaycanda zərdüştilərin məbədində olmasını təsvir edib. Bütün bunlar ona gətirib çıxarıb ki, Azərbaycan “Odlar Yurdu” adlandırılıb, onun əbədi od mənbələri isə ziyarətgahlara çevriliblər”.
Məqalədə, həmçinin Yanardağ, Atəşgah, Yanar bulaq kimi yerlərdən danışılır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa