SİYASƏT
Lənkəranda “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda regional konfrans keçirilmişdir
Lənkəran, 18 aprel (AZƏRTAC). Aprelin 18-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda regional konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının gənclər birliklərinin fəallarının iştirak etdikləri konfransda çıxış edən YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsinin, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunmasının, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsinin demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasının, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gənclərin himayədarı olmuş, onların problemlərini daim diqqət mərkəzində saxlamış, gənc nəslin sağlam ruhda tərbiyə olunması, onların zamanın tələbinə uyğun hərtərəfli inkişaf etməsi üçün bir sıra mühüm işlər həyata keçirmişdir.
Diqqətə çatdırılmışdır ki, dahi rəhbərin 1997-ci ildə imzaladığı Fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü təsis edilmişdir.
Konfransda YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə dövlət gənclər siyasəti ilə bağlı məruzə etmişdir.
Natiq bildirmişdir ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda gənclərin yüksək səviyyədə yetişməsi, onların günümüzün müasir tələblərinə uyğun təhsil almaları, həmçinin ölkəmizi beynəlxalq aləmdə layiqli təmsil edə bilmələri üçün münbit şərait yaradılmışdır. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan gəncinin dövlət idarəçiliyi sistemində təmsil olunması üçün heç bir əngəl yoxdur.
Konfransda yuxarıda adları çəkilən rayonların YAP gənclər birliklərinin sədrləri çıxış edərək mövzu ilə bağlı təkliflərini bildirmişlər.