CƏMİYYƏT
Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib
Bakı, 21 may, AZƏRTAC
Son illər enerji daşıyıcılarının qiymətlərinin artması, iqlim dəyişmələri, su ehtiyatlarının azalması və digər səbəblərdən ərzaq məhsullarının qiymətlərində artımlar baş verməkdədir. Bu da bəzi ölkələrdə ərzaq qıtlığını real təhlükəyə çevirib. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının qorunması, bitkilərin zərərverici və xəstəliklərdən mühafizəsi zərurətə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov "Yaşıl dünya naminə" Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.
"Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatların davam etdirilməsi, aqrar sahəyə dəstək tədbirləri ölkəmizin həmin problemlərdən qorunması üçün zəmin yaradıb. Bununla belə son zamanlar dünyada baş verən iqlim dəyişmələri fonunda aqrar sahənin risklərdən qorunması üçün müvafiq tədbirlərin hazırlanması zərurəti ön plana çıxıb", - deyə o bildirib.