RƏSMİ XRONİKA
LEV LANDAUNUN 100 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2008-ci ildə Nobel mükafatı laureatı Lev Landaunun 100 illik yubileyi tamam olur. Bakıda anadan olmuş Lev Landau burada ilk təhsilini almış, gimnaziyanı və Bakı İqtisad Texnikumunu bitirmiş, Azərbaycan Dövlət Universitetində oxumuşdur.
Dahi fizikin vətəni Bakı şəhərində Lev Landaunun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Lev Landaunun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2008-ci il.