SİYASƏT
Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi konfrans keçirilib
London, 19 oktyabr, AZƏRTAC
Britaniyanın “SOAS” Universitetində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz Mərkəzinin və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Londonda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycanda şəxsiyyət və siyasət” adlı elmi konfrans keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə dövlət müstəqilliyinin bərpasında ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizdə həyata keçirilən çoxistiqamətli islahatlar haqqında danışıb. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə də məlumat verib.
T.Tağızadə müsəlman əksəriyyətli cəmiyyəti olan ölkəmizin etnik və dini dözümlülük baxımından bir nümunə olduğunu qeyd edib. O, müstəqilliyimizin bərpasında sonra ölkəmizin, siyasi, iqtisadi, sosial əlaqələrinin yeni istiqaməti haqqında ətraflı məlumat verib, Azərbaycanın regionun və dünyanın strateji əhəmiyyətli bölgəsinə çevrildiyini qeyd edib.
Daha sonra professorlar Quqlielmo Verdirame, Rik Favn, Norman Qraham, İsçveçin Uppsala Universitetinin tədqiqatçısı Sofie Bedford, Kembric Universitetinin tədqiqatçısı Murad İsmayılov Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Azərbaycan münasibətləri, Rusiya, Azərbaycan və Türkiyə münasibətləri və digər mövzularda təqdimatla çıxış ediblər.
Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.
Konfrans çərçivəsində “Mərkəzi Asiya və Qafqazda şəxsiyyət və siyasət” və “Türkiyə-Azərbaycan münasibətləri” adlı kitabların təqdimatı olub.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London