SİYASƏT
Londonda keçirilən Beynəlxalq sammit Azərbaycan üçün məhsuldar olmuşdur
London, 16 iyun (AZƏRTAC). Londonda keçirilən Beynəlxalq sammit Azərbaycan üçün məhsuldar olmuşdur.
Bu sözləri Londonda keçirilən “Cinsi zorakılığa son” mövzusunda Beynəlxalq sammitdə iştirak edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova AZƏRTAC-a müsahibəsində demişdir.
Konfransın bütün ölkələr üçün əhəmiyyətli olduğunu bildirən H.Hüseynova, hər ölkənin tarixində bu cür problemlərin ola biləcəyini diqqətə çatdırmışdır. Tarixən dünyanın bir sıra ölkələrində qarşıdurmalar olmuşdur və hələ də davam edir. Bu cür beynəlxalq konfranslarda ölkəmizin təmsil edilməsi və Azərbaycanın problemlərindən danışılması əhəmiyyət daşıyır.
Komitə sədri qeyd etmişdir ki, bu konfransın ən vacib nöqtələrindən biri də iştirakçı ölkələrin problemdən çıxış yolları axtarmalarıdır. Qadınlara və uşaqlara qarşı edilən zorakılıqlara təsir göstərə bilən beynəlxalq mexanizm yaradılmalıdır.
Sevindirici haldır ki, Azərbaycan həqiqətləri haqqında məlumatlar və təkliflər irəli sürüləndən sonra bir çox ölkələr respublikamızı dəstəklədilər və təkliflərimizə müsbət rəy bildirdilər.
H.Hüseynova diqqətə çatdırmışdır ki, sammitin əsas məqsədlərindən biri müzakirələrdən çox artıq problemin həlli üçün hərəkətə keçmək olmuşdur. Bu, Azərbaycan üçün də əhəmiyyətlidir. Prezident İlham Əliyevin sözlərini sitat gətirən Azərbaycan rəsmisi bildirmişdir ki, ölkəmizə qarşı açıq işğalçılıq siyasəti yeridilir. Lakin çox təəssüflər olsun ki, beynəlxalq səviyyədə bu işğalçılıq siyasətinə qarşı ciddi bir iş görülmür.
Sammitdən sonra görüləcək işlərin yaxından izləniləcəyini qeyd edən, H.Hüseynova gələcəkdə Azərbaycanın da bu cür konfranslara ev sahibliyi etməsinin vacibliyini vurğulamışdır.
Bir çox nazirlərlə ikitərəfli görüşlərinin olduğunu diqqətə çatdıran komitə sədri gələcək üçün əməkdaşlıq əlaqələrinin müzakirə edildiyini bildirmişdir. H.Hüseynova beynəlxalq sammitin həm Azərbaycan, həm də dünya üçün məhsuldar bir tədbir olduğunu vurğulamışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London