İDMAN
Lyuk Qrinbank: Birinci Avropa Oyunlarının açılış mərasimi valehedici idi
London, 15 iyul, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları ən yüksək səviyyədə təşkil edilmişdi. Bakıya gəldiyimiz gün bizi Atletlər Kəndi ilə tanış etdilər. Bizi müşayiət edən şəxslərin, o cümlədən bələdçilərin gülərüzlülüyü və mehribanlığı insana xoş təsir bağışlayırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı-2015” birinci Avropa Oyunlarında qızıl medal qazanan britaniyalı üzgüçü Lyuk Qrinbank ölkəmiz və Oyunlarla bağlı təəssüratlarını bölüşərkən deyib.
İdmançı qeyd edib ki, Bakıda əsl Olimpiya Oyunları mühiti yaradılmışdı. Bu mühit insanı valeh edirdi. Avropanın müxtəlif ölkələrindən olan atletlərlə birgə vaxt keçirmək Oyunların ən maraqlı və cəlbedici anlarından idi. Atletlər Kəndindəki yeməkxana çox xoşuma gəldi. Azərbaycan milli mətbəxinin ləziz nümunələrinin dadı indi də yadımdadır.
Oyunlarda iştirakından danışan atlet birinci Avropa Oyunlarının onun üçün uğurlu olduğunu vurğulayaraq Azərbaycana qızıl medalla qayıtmasından məmnunluğunu bildirib.
“Bakı-2015”in möhtəşəm açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşən idmançı deyib: “Bağlanış mərasimi bir sözlə, valehedici idi. Tam əminliklə deyə bilərəm ki, bütün atletlər bu möhtəşəm mərasimə heyranlıqla baxırdılar. Sonda isə musiqi sədaları altında çox xoş vaxt keçirdik. Azərbaycana və təşkilatçılara bu gözəl idman mərasiminə görə dərin minnətdarlığımı bildirirəm”.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London