SİYASƏT
Macarıstan TÜRKPA-nın Bakıda keçiriləcək V plenar sessiyasında rəsmi nümayəndə heyəti ilə iştirak edəcəkdir
Budapeşt, 16 iyun (AZƏRTAC). Macarıstan Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) V plenar sessiyasında rəsmi nümayəndə heyəti ilə iştirak edəcəkdir. Macarıstan parlamentinin sədri Laslo Kover Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə göndərdiyi məktubda bu qərarı macar xalqının soy-kökünün Şərqlə, türk dünyası ilə bağlılığı və ölkəsinin son illərdə həyata keçirdiyi “Şərqə açılım” siyasəti ilə əlaqələndirmişdir.
Sessiyada iştirak edəcək Macarıstan nümayəndə heyətinin tərkibinə parlamentin vitse-spikeri Şandor Lejak və parlament sədrinin baş müşaviri, Macarıstanın Türkiyədəki keçmiş səfiri Andraş Kelemen daxildir.
Macarların türk əsilli xalq olmaları ideyasını ardıcıl müdafiə edən vitse-spiker Şandor Lejak, eyni zamanda tanınmış dramaturq və tarixçi, Azərbaycan dilinin və tarixinin tədris edildiyi Lakiteleki Akademiyasının qurucusu və 2006-cı ildən başlayaraq hər iki ildən bir keçirilən Hun-türk qurultayının rəsmi himayəçisidir. Bakıda olduğu günlərdə Ş.Lejak TÜRKPA-nın plenar sessiyasının işində iştirak etməklə yanaşı, Macarıstanın Turan cəmiyyətinin xətti ilə təşkil olunması nəzərdə tutulan tədbirlərə qatılacaq, habelə bir sıra görüşlər keçirəcəkdir.