DÜNYA
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
Budapeşt, 21 may, AZƏRTAC
Bu gün Macarıstanın milli iqtisadiyyat naziri Marton Nad ölkənin turizm sektoruna 15 milyard forint (1 avro 380) dəstək proqramının dövriyyəyə buraxılması barədə elan edib.
AZƏRTAC xəbər verir ki, nazir feysbuk sosial şəbəkəsindəki postunda 13 milyard forintin ölkənin müxtəlif regionlarında ictimai iaşə müəssisələrinin rəqabətqabiliyyətliliyinin artırılmasına istiqamətlənən modernləşdirilməyə ayrılacağını bildirib. Bir milyard forint “Tourinform”in yerli ofislərinin yaxşılaşdırılmasına, daha bir milyard – kafe və restoranlarda qaraçı musiqisinin canlı çıxışlarını inkişaf etdirən proqramların dəstəklənməsinə ayrılacaq.
Nadın sözlərinə görə, Macarıstanın turizm sektoruna, iqtisadiyyatın strateji sahəsinə yatırım ÜDM-in artması üçün mühüm əhəmiyyət daşıyır.
Macarıstanın turizm agentliyinin başçısı Zoltan Quller, öz növbəsində, namizədlərin hərəyə təxminən 1 milyon forint ala biləcəyini vurğulayıb.
Bununla yanaşı, “Tourinform”un ölkədə fəaliyyət göstərən 35-40 ofisinə 1 milyard forint ayrıla bilər.
Subsidiya şəklində eyni məbləğdə vəsait 120-130 ansamblda çıxış edən 500-dək musiqiçinin canlı ifalarına yönəldilə bilər.
Quller bildirib ki, aprelin ortalarında gecələmələrin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 13 faiz artıb, eyni zamanda, turizm mehmanxanalarının gəliri 18 faiz yüksəlib. İctimai iaşə müəssisələrinin dövriyyəsi isə 14 faiz artıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt