ELM VƏ TƏHSİL
Magistraturaya qəbul imtahanının birinci cəhdi fevralın 20-də təşkil olunacaq
Bakı, 6 yanvar, AZƏRTAC
Magistraturaya qəbul imtahanının 1-ci cəhdinin fevralın 20-də keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı “Ön söz”də bildirib. Qeyd edilib ki, magistraturaya qəbul imtahanının son iki ildə olduğu kimi, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada beynəlxalq təcrübəyə uyğun yalnız bir mərhələdə keçirilməsi və imtahanda məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin yoxlanılması nəzərdə tutulur.
Növbəti imtahanda da bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün qiymətləndirmə aləti olaraq test üsulundan istifadə ediləcək. DİM 2022/2023-cü tədris ili üçün də test imtahanını iki dəfə - fevral və ya martda, həmçinin may və ya iyunda təşkil etməyi planlaşdırır.