İQTİSADİYYAT
Marçel Spatar: Moldova Azərbaycanın əmək və sosial müdafiə sahəsində uğurlu islahatlarının tətbiqində maraqlıdır
Kişineu, 21 noyabr, AZƏRTAC
Moldova Azərbaycanın əmək və sosial müdafiə sahəsində əldə etdiyi təcrübəsini, islahatlarını öyrənməkdə, tətbiq etməkdə maraqlıdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar söyləyib.
M.Spatar Moldavanın Azərbaycanla əlaqələrini daim genişləndirməkdə maraqlı olduğunu, iki ölkənin sosial sahədə əməkdaşlığının da daim genişlənəcəyinə əminliyini bildirib.
“DOST mərkəzləri Azərbaycanın çox unikal layihəsidir, mən bu layihəni heç bir ölkədə, həmçinin Avropa ölkələrində görməmişəm. Moldova hazırda Azərbaycanın DOST təcrübəsini öyrənir, bu konsepsiyanı Moldovada tətbiq etmək niyyətindəyik. Azərbaycanın, həmçinin sosial sahədə elektron texnologiyaların, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində təcrübəsinə maraq göstəririk”, - deyə M.Spatar əlavə edib.
Nazir qeyd edib ki, Azərbaycan əmək və sosial sahədə əldə etdiyi təcrübəni Moldova ilə bölüşməyə hazırdır.
“Azərbaycan bu sahədə çox dərin islahatlar aparıb. Azərbaycan və Moldova növbəti ildə təcrübə mübadiləsinin aparılması barədə razılığa gəlib”, - deyə M.Spatar vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu