SİYASƏT
Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Merab Topçişvili seçilmişdir
Tbilisi, 16 iyun (AZƏRTAC). Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 15-də keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərlə əlaqədar verdiyi bəyanatda qeyd etmişdir ki, seçkilər ədalətli, demokratik keçmişdir və ilkin məlumata görə, hakim “Gürcü arzusu” koalisiyası əksər seçki dairələrində liderdir. Baş nazirin dediyinə görə, bir neçə şəhərdə təkrar seçkilər keçirilməsi ehtimalı vardır və bu, faciə deyil, demokratiyanın inkişafına dəlalət edən faktdır.
İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə koalisiyanın namizədi Merab Topçişvilinin namizədliyinin müxalifət partiyalarından olan iki nəfər azərbaycanlının xeyrinə geri götürüldüyünü vurğulamışdır. O demişdir ki, lakin bu, qanunvericilikdə nəzərdə tutulduğu vaxtdan gec olduğuna görə onun soyadı seçki bülletenlərində qalmış və əhali Merab Topçişvilinin namizədliyini dəstəkləmişdir. Baş nazir bildirmişdir ki, marneulili seçicilərin bu seçiminə hörmət etməliyik.
Beləliklə, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə seçicilər Əhməd İmanquliyevin deyil, Merab Topçişvilinin namizədliyini dəstəkləmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi