SİYASƏT
Marneulidə Azərbaycanın və Gürcüstanın milli bayramları qeyd edilmişdir
Marneuli, 26 may (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Azərbaycanın və Gürcüstanın milli bayramları ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə Azərbaycanın və Gürcüstanın müstəqillik tarixindən, eyni taleli ölkələrimizin qarşılaşdıqları problemlərdən söhbət açılmışdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkənin müstəqilliyinin əbədi və dönməz olması üçün sarsılmaz təməlin qoyulduğu qeyd edilmişdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia və başqaları Azərbaycanın və Gürcüstanın müstəqillik uğrunda mübarizəsindən, dövlətçiliyin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlərdən, qlobal layihələrin reallaşdırılmasının müstəqilliyin daha da möhkəmləndirilməsinə töhfəsindən danışmışlar. Separatizmdən əziyyət çəkən ölkələrimizin haqq işinin qalib gələcəyinə, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına əminlik ifadə edilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli