DÜNYA
MARNEULİDƏ ETİRAZ MİTİNQİ KEÇİRİLMİŞDİR
Gürcüstan Daxili İşlər Nazirliyi və Tbilisi Şəhər Daxili İşlər İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində yeniyetmə bu günlərdə girovluqdan xilas edilmişdir. İnsan oğruları gənc Bakarini 40 gün ərzində qızdırıcı radiatora zəncirlənmiş halda saxlamışlar. Cinayətkarlar uşağın valideynlərindən böyük məbləğdə pul tələb edirdilər. Hüquq mühafizə orqanlarının əməkdaşları ilə məsləhətləşmələrdən sonra oğrulara tələb etdikləri miqdarda pul verilmiş və əməliyyat da uğurla nəticələnmişdir. İlkin mərhələdə 4 nəfər həbs olunmuşdur. 5-ci cinayətkar isə uşağın həmyerlisi və ailənin yaxını, polis əməkdaşı Merab Şubitidze iş başında - 2 həftə bundan öncə təyin olunduğu Ədliyyə Nazirliyinin cəzaçəkmə departamenti sədrinin müavini vəzifəsində yaxalanmışdır. O, bunadək Marneuli Rayon Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin rəisi vəzifəsində işləmişdir. Girovun azad olunması üçün verilən pulun 15 min dolları M.Şubitidzenin seyfindən və 800 dolları cibindən tapılmışdır.
Bu biabırçı hərəkətdən hiddətlənən Marneuli sakinləri avqustun 20-də rayon mərkəzində etiraz mitinqi keçirmiş, Merab Şubitidzenin qeyri-insani hərəkətlərini pisləmiş və hüquq mühafizə orqanlarını belə halların qarşısını qətiyyətlə almağa çağırmışlar.