QAN YADDAŞI
MASALLIDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Masallı, 31 mart (AZƏRTAC). Masallı şəhərində Şəhidlər abidə kompleksinin qarşısında 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri abidənin önünə gül dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyev erməni millətçiləri tərəfindən əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti barədə iştirakçılara məlumat vermişdir. Natiq qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində öz yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə etmişdir.
Mərasimdə məktəblilər mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.