REGİONLAR
Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO
Masallı, 18 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Masallıda keçən il 259 hektar sahədə noxud yetişdirilmişdisə, bu il əkin sahəsinin 400 hektardan çox olması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Masallıda keyfiyyətli noxud toxumu əldə edib əkən zəhmət adamları bu il bol məhsul götürmək üçün ciddi səylə çalışırlar. Noxud rayonun əsasən Təklə, Sığıncaq və Xoşçobanlı kəndlərində əkilir. Təkcə Təklə kəndində 150 hektar sahədə noxud əkilir.
Kənd sakini Əli Məmmədov icarə götürdüyü 70 hektarlıq ərazidə kartof, buğda, noxud, mərci yetişdirir. Deyir ki, son illər noxud yaxşı qiymətə satıldığından əkini 40 hektara çatdırıb: “Uzun illərdir kənd təsərrüfatı ilə məşğulam. Hazırda 30-40 hektar sahədə Pakistan sortundan olan noxud əkirəm. Bir hektara 110-120 kiloqram noxud səpirik. Məhsuldarlığı və satışı yaxşı olur. Bundan başqa, 5-6 hektarda kartof, həmçinin 20-30 hektar sahədə taxıl əkmişəm. Ümumi 50-60 hektar yerim var, ildən-ilə genişləndirirəm”.
Bu il 10 hektar çox, yəni 50 hektar sahədə noxud yetişdirən Xoşçobanlı kənd sakini Mütəllim Hüseynov isə artıq səpini başa çatdırıb. Deyir ki, noxud digər bitkilərə baxanda çox qulluq tələb etmir, satışda da çətinlik olmur, elə yerində götürürlər. “Bu il 50 hektar sahədə noxud əkmişik. Keçən ilə nisbətən bu il 20 hektar artırmışıq. Buğda-arpa 30-40 qəpiyə, noxud isə 1 manat 80 qəpiyə - 2 manata satılır. Ona görə noxud əkməyə üstünlük veririk”, - deyə o əlavə edir.
Fermerlər əkində Pakistandan gətirilmiş yüksək məhsuldar toxumlara üstünlük verirlər. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, fermerlər əkini bəyan etdikdən sonra onlara subsidiya ödənilir. Bitkiçilik sektorunun müdiri Nazim Şabanovun sözlərinə görə, noxud, mərci, qarğıdalı yazlıq əkin kimi qeydiyyata alınır. Əkin bəyan olunduqdan sonra hər hektarına görə 220 manat subsidiya verilir. Noxud əsasən Türkiyə və ərəb ölkələrinə ixrac olunur. Alıcısı çox olduğu üçün fermerlər bu sahəyə meyil göstərirlər.
Qeyd edək ki, noxud biçiminə iyul ayında başlanacaq.