REGİONLAR
Masallıda payızlıq kələm əkini başa çatmaq üzrədir
Masallı, 21 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallının tərəvəz sahələrində payızlıq kələm əkini başa çatmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunun fermerləri və torpaq mülkiyyətçiləri ənənəvi təsərrüfat sahələri ilə yanaşı, kələm əkininə də maraq göstərirlər. Bu sahəyə marağın artması onun becərilmə şərtlərinin sərfəli və xərclərin az olması ilə əlaqədardır.
Rayonun Xırmandalı kənd sakini Məhərrəm İbrahimli bir neçə ildir taxıl və tərəvəz bitkiləri ilə yanaşı, kələm də becərir. Növbəli əkin sistemini tətbiq edən torpaq sahibi deyir ki, taxıl sahələrdən yığıldıqdan sonra kələmin əkilməsi torpağı münbitləşdirir.
Bir hektara təxminən 40-45 min kələm şitili əkilir. Kələm digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə nadir hallarda xəstəliklərə yoluxur. Zərərvericilərin qarşısını almaq üçün bir dəfə dərman vurulur.
Əkin prosesi başa çatdıqdan sonra suvarma işləri aparılacaq. Paralel olaraq sahələrdə aqrotexniki qulluq işləri də aparılacaq.
Fermerlər bildirirlər ki, bu gün torpağın əkilib-becərilməsində heç bir çətinlikləri yoxdur, çünki onlara hər cür dövlət dəstəyi var.
Fermer Məhərrəm İbrahimli deyib: “Sağ olsun dövlətimiz, əkin zamanı subsidiyalar verilir, güzəştli şərtlərlə gübrələr alırıq. Əlavə işçi qüvvəsi cəlb edəcəyik ki, gələcəkdə bu sahəni genişləndirək. Şükür Allaha, suyumuz da var. Viləşçay su dəryaçası bizi su ilə təmin edir. Aqroservisdən istifadə edirik, bağladığımız müqaviləyə əsasən texnikalarından yararlanırıq”.
Qeyd edək ki, kələm əkilmiş sahələrdən oktyabrın 15-dən sonra məhsul yığımına başlanılacaq.