İDMAN
Mayami Qran-Prisində süni liman həqiqi su ilə doldurulacaq
Bakı, 5 aprel, AZƏRTAC
2022-ci ildə Mayami Qran-Prisinin debütü olduğu zaman “Hard-Rok” stadionunun ətrafındakı Mayami Beynəlxalq avtodromunda müxtəlif infrastruktur obyektləri ilə yanaşı, yaxtaların olduğu liman da salındı. Sonuncunun yeganə xüsusiyyəti limanın süni su və yaxtaların imitasiyası idi.
AZƏRTAC xəbər verir ki, bu qeyri-adi dekorasiya azarkeşlər tərəfindən istehza ilə qarşılandı və Mayami Qran-Prisinin təşkilatçısı Tom Qrafinkel onlara zarafatla cavab verməli oldu. 2023-cü il yürüşü ərəfəsində isə promouterlər vəziyyətə dəyişiklik etdilər. Formula 1 uik-endinə gələn azarkeşlər üçün “Sunset Cabanas” tarifi də əlavə olunub. Onlar yürüş zamanı real suya girə biləcəklər.
“MIA Marina” sahili yaxınlığındakı 6-8-ci döngələr arasında təşkilatçılar şezlonq və hovuzların olduğu ayrıca zona yaradıblar. Yaxınlıqda isə sahilə yanaşmış yaxtalar olacaq. “Sunset Cabanas”ın ziyarətçilərinə, həmçinin müxtəlif içkilər olan ayrıca bar və məşhur şef-aşpaz Mişel Bernşteynin menyusundan ibarət yeməklər təklif olunacaq.