İQTİSADİYYAT
MBANK-a 1,5 MİLYON DOLLAR MƏBLƏĞİNDƏ KREDİT XƏTTİ AÇILMASI HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
MBANK ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında kiçik və orta biznesi kreditləşdirmək üçün MBANK-a 5 il müddətinə 1,5 milyon dollar məbləğində kredit xətti açılması haqqında saziş imzalanmışdır. Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, MBANK yaxın gələcəkdə AYİB-in ticarəti maliyyələşdirmə proqramının iştirakçısı olacaqdır. İxrac-idxal və ticarət əməliyyatları ilə məşğul olan yerli şirkətlərə yardım bu proqram çərçivəsində həyata keçirilir.
Açılan kredit xətti inkişaf etmək üçün maliyyə yardımına ehtiyacı olan kiçik və orta sahibkarlığı kreditləşdirməkdə bu bankın imkanlarını xeyli artıracaqdır. Bu, xüsusilə vacibdir, çünki kiçik və orta biznes iqtisadiyyatın çoxsahəli inkişafını və nəticə etibarilə, ölkədə sabit iqtisadi yüksəlişi təmin edən mühüm vasitədir.
Kreditləşdirmə layihəsinin gerçəkləşdirilməsi prosesində AYİB bankın əməkdaşları üçün təlim keçirəcəkdir ki, bu da Avropa Birliyinin TASİS proqramı çərçivəsində maliyyələşdiriləcəkdir.
Avropa Yenidənqurma və İnkişaf Bankı ticarəti maliyyələşdirmə proqramı (onun ilkin limiti 1 milyon dollardır) çərçivəsində MBANK-a akkreditivləri təsdiqləmək, habelə yerli müəssisələrin həyata keçirdiyi xarici ticarəti dəstəkləmək və stimullaşdırmaq üçün digər bank əməliyyatları aparmaq imkanı verəcəkdir ki, bunun da ölkədə ixrac və idxalın inkişafı baxımından böyük əhəmiyyəti var.