SİYASƏT
MDB Müşahidə Missiyasının rəhbəri: Azərbaycanda seçkilərə hazırlıq prosesi yüksək səviyyədədir
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov MDB İcraiyyə Komitəsinin sədr müavini, MDB Müşahidə Missiyasının rəhbəri Vladimir Qorkun və missiyanın qərargahının başçısı Yevqeniy Sloboda ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xələf Xələfov qarşıdan gələn parlament seçkilərinin demokratik və şəffaf mühitdə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib. O, seçkilərin müşahidə edilməsi üçün beynəlxalq tərəfdaşlara dəvətlərin göndərildiyini qeyd edib. Nazir müavini seçki prosesində müşahidə missiyalarının öz vəzifələrini maneəsiz yerinə yetirməsi üçün lazımi şəraitin yaradıldığını nəzərə çatdıraraq, MDB müşahidə missiyasının seçki prosesində fəal iştirak edəcəyinə əminliyini bildirib. O, xarici müşahidəçilərlə bərabər, seçkilərin çoxsaylı yerli müşahidəçilər tərəfindən də yaxından izlənəcəyi barədə məlumat verib.
MDB Müşahidə Missiyasının rəhbəri müşahidəçilər üçün yaradılmış şəraiti və seçki prosesini yüksək qiymətləndirdiklərini vurğulayıb. O, rəhbərlik etdiyi missiyanın seçkilərin müşahidəsini həyata keçirərkən obyektivlik, tərəfsizlik, siyasi qruplara dəstək verməmək və ölkənin daxili işlərinə qarışmamaq kimi prinsipləri əsas tutduğunu bildirib.
Vladimir Qorkun qarşıdan gələn seçkilərdə ölkəmizə uğurlar arzulayıb.