MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Belarusda səfərdədir
Bakı, 28 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Belarusda səfərdədir. Nümayəndə heyətində nazirliyin şöbə müdiri Namiq Qulamov, sektor müdirləri Pərviz İsgəndərli, Rəşad Əliyev və bir sıra regional mədəniyyət və turizm idarələrinin rəisləri təmsil olunur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” müvafiq Sərəncamına əsasən yaradılmış regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan mədəniyyət müəssisələrinin şəbəkəsində aparılacaq islahatlar, mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, mədəniyyətin idarə olunmasında ən müvəffəqiyyətli üsulların tətbiq edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsidir.
Səfər zamanı nümayəndə heyəti Belarusun icra hakimiyyəti orqanlarında və regionlarda yerləşən muzey, kitabxana, klub, rəsm qalereyası, musiqi, incəsənət məktəblərinin fəaliyyəti ilə tanış olub, onların rəhbərləri ilə işçi görüşlər keçiriblər. Aprelin 30-dək davam edəcək səfər regional mədəniyyət və turizm idarələri rəhbərlərinin beynəlxalq təcrübədən faydalanmasına, bu sahədə biliklərinin artırılmasına xidmət edir.