MƏDƏNİYYƏT
Məhəbbət və gözəllik şairi Molla Pənah Vaqif
Bakı, 30 yanvar, A.İsmayılova, AZƏRTAC
Yanvarın 30-da Xətai rayon MKS-də böyük Azərbaycan şairi M.P.Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş “Məhəbbət və gözəllik şairi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşı Təranə Quliyeva şairin həyat və yaradıcılığından söhbət açıb. Azərbaycanda tənqidi-realizmin banisi kimi Vaqifin ədəbiyyatımızda müstəsna mövqeyi olduğunu bildirib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri - Zərəngiz Qayalı, Güləmail Murad, Əzizə Ağahüseynqızı, Təbrizə Pünhan və başqaları şairin Azərbaycan ədəbiyyatında canlı xalq danışıq dilinin yaradıcılarından olduğunu, aşıq şeirinin qoşma janrını ədəbiyyata gətirdiyini bildiriblər. M.P.Vaqifə həsr etdikləri şeirləri səsləndiriblər.
Sonda Xətai rayonundakı 116 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Vaqifin şeirlərindən ibarət “Məhəbbət və gözəllik şairi Molla Pənah Vaqif” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.