İQTİSADİYYAT
Məhsulun və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə MDB mükafatı üçün müsabiqə elan edilib
Minsk, 16 iyul (AZƏRTAC). AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, MDB-nin iştirakçısı olan ölkələrdə məhsulun və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə Birlik mükafatı uğrunda V müsabiqə elan edilib.
Belə bir qərarı Birlik ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası qəbul edib.
Müsabiqə milli təşəbbüsləri dəstəkləməyə və MDB ölkələrinin istehsal etdikləri məhsulun və göstərdikləri xidmətlərin keyfiyyətinin və rəqabətədavamlılığının yüksəldilməsinə yönəldilmiş dövlət idarəçilik orqanlarının səylərini birləşdirməyə xidmət edir. Məqsəd Birlik ölkələri təşkilatlarının ixrac imkanlarını genişləndirmək və onların yüksək keyfiyyətli məhsul istehsal etməsini, yaxud yüksək keyfiyyətli xidmətlər göstərməsini stimullaşdırmaq, keyfiyyət menecmentinin səmərəli metodlarını tətbiq etməkdir.
Müsabiqəyə MDB-nin hər hansı ölkəsində qeydiyyata alınmış, məhsul istehsal edən (silahlar və hərbi texnikadan başqa), yaxud xidmətlər göstrərən istənilən təşkilati-hüquq formasının hüquqi şəxsləri qatıla bilərlər.
Keyfiyyət sahəsində nailiyyətlərə görə MDB mükafatı məhsulun (xidmətlərin) keyfiyyəti, onun təhlükəsizliyinin təmin olunması, habelə müasir keyfiyyət menecmenti metodlarının tətbiqi sahəsində əhəmiyyətli nəticələrə görə müsabiqə əsasında iki ildə bir dəfə verilir. Azı iki il ərzində buraxılan məhsulun və ya göstərilən xidmətin yüksək keyfiyyətinin təsdiq edilməsi və məhsulun (xidmətlərin) Birliyin azı iki ölkəsinə ixrac olunması qaliblərin seçimi üçün əsas meyardır.
Müsabiqə iki mərhələdə keçirilir. Birinci (respublika) mərhələdə namizədləri milli standartlaşdırma, metrologiya və sertifikatlaşdırma orqanları mükafatın müəyyən edilmiş meyarlarına görə qiymətləndirirlər. qalib gələnlər ikinci mərhələyə çıxırlar. Dövlətlərarası Şura bu mərhələni təşkil etmək üçün müsabiqənin münsiflər heyətini yaradır, milli standartlaşdırma, metrologiya və sertifikatlaşdırma orqanlarının təqdim etdikləri ekspertlərdən ibarət komissiyaların tərkibini təsdiq edir. Onlar bir ekspert kimi yerlərdə namizədlərin fəaliyyətini qiymətləndirir, onun nəticələrinə əsasən təşkilatın fəaliyyətinin güclü və zəif tərəflərini göstərən rəylər, habelə fəaliyyətlərini təkmilləşdirmək üçün təkliflər verirlər. Mükafatın verilməsi haqqında qərar MDB İqtisadiyyat Şurasının iclasında qəbul edilir. Müsabiqənin yekunları 2015-ci ilin sonunda elan ediləcəkdir.
Laureatlara, diplomantlara, habelə “İşgüzar mükəmməlliyin etiraf edilməsi” xüsusi mükafatının qalibi olan təşkilatlara diplomlar və mükafatlar təqdim ediləcək, üç il ərzində MDB mükafatının emblemindən reklam məqsədi ilə istifadə etmək hüququ veriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Minsk