İQTİSADİYYAT
Memar: Urbanizasiya prosesi yaşıllıq sahələrin azalmasına gətirib çıxarır
Bakı, 23 iyun, AZƏRTAC
Müasir dünyanın bütün meqapolis şəhərlərində ekologiyaya xüsusi önəm verilir. Bir çox iri şəhərlərdə urbanizasiya prosesinin tempinin yüksəlməsi nəticəsində çoxmərtəbəli yaşayış binalarının sayı artmaqda davam edir və bu da nəticə etibarı ilə yaşıllıq sahələrin azalmasına gətirib çıxarır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında memar Tərlan Əliyev bildirib.
Onun sözlərinə görə, meqapolislərin inkişafı prosesində şəhərsalma həllində çoxmərtəbəli yaşayış binaları və ətraf yaşıllıq sahələrinin tandemi önəmli amil hesab olunur.
Memar qeyd edib ki, Bakı şəhərinin mərkəzi hissələrində çoxmərtəbəli yaşayış evlərinin mövcudluğu sıx və yüklənmiş nəqliyyat düyünləri ilə müşayiət olunur. Bu faktor isə ərazinin ekoloji balansı və insanların yaşayış keyfiyyətinə təsirsiz ötüşmür. Bu problemlərin qarşısının alınması üçün şəhərin mərkəzi ərazilərində yaşıllıq zonalarının artırılması xüsusi önəm kəsb edir.
Meqapolislərdə yaşayan əhalinin təbiətdən kifayət qədər uzaqlaşdığını deyən T.Əliyev bildirib ki, yaşayış məskənlərinin ətrafında su hövzələri, yaşıllıq zolağı və binaların fasad həllində bitki örtüyünün təşkili mövcud ekoloji problemlərin həllinə müsbət təsir edə bilər.
Bundan başqa, layihəçi memarlar dayanıqlı texnologiyalar, yağış sularının toplanması və resirkulyasiyası, yüksək effektli ventilyasiya sistemi, resurslara qənaət edən texnologiyaların maksimal istifadəsinə çalışmalı, təbii işıqlanma və kölgələnmə prioritet məsələ olmalıdır: “Meqapolislərdə çoxmərtəbəli, çoxfunksiyalı yaşayış komplekslərinin layihələndirilməsi prosesində əsas məsələlərdən biri də ərazinin regional inkişaf planıdır. Baş plan həllində müxtəlif təyinatlı zonaların düzgün yerləşdirilməsi, kölgəlik və günəş işığının mövcudluğu mütləqdir. Layihələndirilən yaşayış binaları və ərazinin yaşıllıq, piyada zonaları arasında sərbəst keçidlər təşkil edilməlidir. Eyni zamanda binalar və yaxınlıqda mövcud təhsil və səhiyyə müəssisələri arasında təhlükəsiz keçidlər yaradılmalıdır”.
Ümumilikdə isə layihələndirmə prosesindən öncə memarlar müəyyən edilmiş keyfiyyət meyarlarına görə inkişafı təmin etməyə qadir olan şəhər yaşayış mühitinin yaradılması üçün xüsusi təkliflər planı hazırlamalıdırlar.