ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada “Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi” mövzusunda məşğələ keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi” mövzusunda növbəti məşğələsi keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın Baş direktoru, professor Məmməd Əliyev, Azərbaycan Dillər Universitetinin prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor, ümummilli lider Heydər Əliyev irsinin tədqiqatçısı İradə Hüseynova, A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov çıxış ediblər.
Diqqətə çatdırılıb ki, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev xalqın sabaha olan inamını özünə qaytardı. Ulu Öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası reallaşdırıldı. Azərbaycanın müasir tarixi ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə bağlıdır.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbənin Ulu Öndərin vaxtilə apardığı uzaqgörən daxili və xarici siyasətinin məntiqi nəticəsi olduğu və dahi liderin siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu missiyanı layiqincə yerinə yetirdiyi vurğulanıb.
Tədbir çərçivəsində professor İradə Hüseynova müəllifi olduğu “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Tarix. Zaman. Düşüncələr” 4 cildliyini, “İstoriya narodov Kavkaza” fundamental dərsliyini MEK-ə hədiyyə edib.
Mərasimdə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən videoçarx nümayiş olunub.