ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarix Muzeyi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 16 iyun, AZƏRTAC
Monqolustanın ölkəmizdəki səfiri Bold Ravdan AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə MATM-in direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələrindən, xaricdə keçirilən sərgilərdən danışıb. Alim muzeydə qorunan “monqol” dövrü kolleksiyası haqqında geniş məlumat verib və qeyd edib ki, müəssisənin fondlarında tarixi ədəbiyyatda şərti olaraq “monqol” dövrü adlanan bu dövrə aid Azərbaycan şəhərlərindəki (Bakı, Bərdə, Beyləqan, Gəncə, Naxçıvan, Şamaxı və s.) zərbxanalarda kəsilən, üzərində atlı təsviri, türkcə və ərəb-uyqur qrafikası ilə yazılar həkk olunan gümüş dirhəmlər, müxtəlif silah növləri, döyüş ləvazimatı, məişət əşyaları və s. saxlanılır.
Səfir Bold Ravdan Monqolustan ilə Azərbaycanın mədəni və elmi əməkdaşlığının əhəmiyyətindən bəhs edib.
Görüş zamanı müvafiq layihələr, elmi tədbirlər və Monqolustan muzeyləri ilə birgə sərgilərin təşkili, elmi tədqiqatların aparılması və bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tədbirin sonunda “Monqol xələti”nin replikası və muzeyin 100 illiyinə həsr olunmuş nəfis tərtibatlı nəşrlər səfirə təqdim olunub.