SİYASƏT
Milli Məclisdə Mərkəzçi Beynəlxalq Demokratların nümayəndələri ilə görüş keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Milli Məclisin sədr müavini Bahar Muradova Avropada və Latın Amerikasında nüfuzlu təşkilat olan Mərkəzçi Beynəlxalq Demokratların nümayəndələri ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, Bahar Muradova Azərbaycanın beynəlxalq aləmə inteqrasiyada maraqlı olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, siyasi, iqtisadi, sosial, beynəlxalq əlaqələr və digər sahələrdə öz inkişaf dövrünü yaşayan ölkəmiz yeni dostlar və tərəfdaşlarla münasibət qurmağa daim hazırdır. Məlumat verilmişdir ki, Azərbaycan parlamentində 11 siyasi partiyanın nümayəndələri vardır və çoxluq Yeni Azərbaycan Partiyasına (YAP) məxsusdur.
Bahar Muradova bildirmişdir ki, ölkənin iqtidar partiyası olan YAP beynəlxalq əlaqələrini daim genişləndirir, dünya dövlətlərindəki bir sıra nüfuzlu siyasi partiyaların təcrübəsinə önəm verir. Bu baxımdan Mərkəzçi Beynəlxalq Demokratlar ilə əməkdaşlığın dərinləşməsi də məqsədəuyğundur.
Görüşdə Mərkəzçi Beynəlxalq Demokratların baş əlaqələndiricisi Alberto Ruiz və Şərqi Avropa üzrə əlaqələndiricisi Sezar Rosello təmsil etdikləri qurum barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, Mərkəzçi Beynəlxalq Demokratlar YAP ilə əməkdaşlıqda maraqlıdır. Hazırkı səfər də daha sıx əlaqələrin qurulmasına xidmət edir.
Görüşdə Milli Məclisin deputatı, YAP-ın beynəlxalq əlaqələr departamentinin rəhbəri Asəf Hacıyev də iştirak etmişdir.