SİYASƏT
Milli Məclisin deputatı AŞPA-da Avropanın köçkünlərlə bağlı siyasətini tənqid edib
Strasburq, 20 iyun, AZƏRTAC
AŞPA-nın yay sessiyasının ilk günündə Avropa Liberal Qrupda Suriya və İraqdan köçkün düşmüş insanlarla bağlı müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva təxminən bir ay əvvəl Türkiyənin Adıyaman, Hatay və Qaziantep bölgələrində Suriya və İraqdan köçkün düşmüş insanlarla, o cümlədən köçkün türkmənlərlə görüşdüyünü bildirib. O deyib ki, Türkiyə onlar üçün bir ümid, xilas qapısıdır. Avropa Şurası, onun Parlament Assambleyası, digər beynəlxalq təşkilatlar, bütün Avropa dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək verməlidir. “Biz, eyni zamanda, bütün Avropa qurumlarına və beynəlxalq təşkilatlara Avropa Liberal Qrupu adından bu çağırışı etməliyik. Çünki köçkünlər məsələsində Türkiyənin böyük xərcləri müqabilinə beynəlxalq ictimaiyyətin, Avropanın yardımı çox azdır”.
Milli Məclisin deputatı Suriya və İraqdan köçkün düşən insanların, o cümlədən köçkün türkmənlərin yaşadıqları faciələrdən danışaraq Avropanın onlara laqeyd münasibətini tənqid edib. O, AŞPA-nı, Avropa qurumlarını və üzv ölkələri onlara daha çox yardım göstərməyə və evlərindən köçkün salan səbəblərlə daha sərt mübarizəyə çağırıb. Bildirilib ki, insanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyətin, faciələrin qarşısını almaq mümkün deyil. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Səbəblərlə mübarizə güclənməzsə, köçkünlərin sayı azalmayacaq, əksinə, daha da artacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq