İDMAN
Milli Olimpiya Komitəsində keçirilən “İdman inzibatçılıq kursu” başa çatıb
Bakı, 14 dekabr, AZƏRTAC
Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə keçirilən “İdman inzibatçılığı kursu” başa çatıb.
MOK-un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun inzibati binasında təşkil olunan kursun iştirakçıları Bədən Tərbiyəsi və İdman Akademiyasının SABAH qruplarının tələbələri olub. Kurslarda gender bərabərliyini qorumaq şərtilə ümumilikdə 40 tələbə iştirak edib.
Əsas məqsəd tələbələrin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaq olub.
Kursu Beynəlxalq Olimpiya Komitəsinin İdman İnzibatçılığı üzrə sertifikatına malik məruzəçilər, MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov, Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, İdman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov və Atletika Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Kənan Məhərrəmov aparıb.
Kursda antik və müasir Olimpiadaların tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, təhlükəsiz idman, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilib, iştirakçılar ilə bu mövzularda fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.