SİYASƏT
Milli Qurtuluş Günü Ağcabədidə təntənə ilə qeyd edilmişdir
Ağcabədi, 16 iyun (AZƏRTAC). 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da böyük təntənə ilə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev adına parkda keçirilən tədbirdə Ümummilli Liderə həsr olunmuş kitab sərgisi və tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş olunmuşdur.
Bayram tədbirində çıxış edənlər ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimiz dönməz xarakter almış, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin yüksəlməsi sahəsində böyük işlər görülmüşdür. Vurğulanmışdır ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Rəsmi hissədən sonra parkda rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı geniş konsert proqramı təqdim olunmuşdur. Rəngarəng musiqi nömrələri ilə davam edən bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.