Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir

Milli Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir

Nə qədər ki Azərbaycan var, mən də varam.

Mən isə Azərbaycanda əbədi olacağam!

Ümummilli lider Heydər Əliyev

Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 21 illik zaman ayırır. İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, 23 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın həyatında həmin zamanın əhəmiyyətini qısa təhlil əsasında bir daha nəzərdən keçirmək zərurəti duyuruq. Çünki keçmiş siyasətimiz tariximizdir, bugünkü siyasətimiz isə gələcəyimizdir. Ona görə də gələcəyə keçmişimizlə irəliləyir, çıxardığımız nəticələrlə yeni hədəflər və uğurlu perspektiv naminə mübarizə aparırıq.

 

1993-cü il real müstəqilliyimizin ilk ilidir

 

Məlum olduğu kimi, 1991-ci il 18 oktyabrda Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu isə sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki cəmi 2 il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, total xaosdan, Ermənistanın işğalçılıq siyasətindən, nəhayət, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından pessimizmə qapılırdı. Müstəqilliyin elan olunmasından iki il keçməsinə baxmayaraq, hələ də siyasi-hüquqi və institusional islahatlar həyata keçirilmir, planlı iqtisadiyyatdan, totalitar və avtoritar siyasi sistemdən bazar münasibətlərinə, demokratik idarəçiliyə keçid üçün heç bir cəhd göstərilmirdi. Əksinə, vətəndaşlarla siyasi-ictimai institutlar arasında böhranlar yaradılırdı, dövlətlə xalq arasında uçurum formalaşırdı. Belə hallar isə ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyini itirmək təhlükəsinin yaranmasına gətirib çıxarırdı.

Əlbəttə, istər zor tətbiqi ilə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr bu cür davam edə bilməz. Ona görə də insanlar ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular.

Ümummilli lider Heydər Əliyev həm Azərbaycanın daxili destabilliyinin gücləndiyi, həm də region ətrafında geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir zamanda xalqın təkidli çağırışı ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt isə Azərbaycanda məlum Gəncə hadisələri baş vermişdi və ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü. Beləliklə də, çoxsaylı təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Gəncə səfəri Azərbaycanın qurtuluşu yolunda həlledici addımı oldu. Ulu öndər Heydər Əliyev iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti sözünü dedi və bununla da, meydanlarda Vətən və xalq adından danışan, lakin buna mənəvi haqqı çatmayan AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyə məcbur oldu. Bu, xalqın tələbi və zamanın hökmü idi.

2014-cü il mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev bir daha diqqəti Azərbaycanın həmin dövrdə yaşadığı ağır duruma yönəldərək bildirdi ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etdi, müdriklik göstərdi və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etdi. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il əslində müstəqilliyimizin ilk ili oldu. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı.

 

Sabitlik inkişafın təməl daşıdır

 

Aydındır ki, hər bir dövlətin inkişafı və tərəqqisi onun siyasi sabitliyindən, bu faktorun üzərində qurulmuş güclü iqtisadiyyatdan asılıdır. Elə bu səbəbdən də ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının yekdil səsi ilə prezident seçildikdən sonra müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün çox əhəmiyyətli addımlar atdı. Ulu öndər Heydər Əliyev bütövlükdə, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə bütün resursları səfərbər edərək 1994-cü il mayın 12-də erməniləri və havadarlarını atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi.

Azərbaycanın inkişafı naminə Heydər Əliyevin ətrafında sıx birləşmiş xalq isə dahi şəxsiyyəti müdafiə edən sipərə çevrilirdi. Məhz formalaşmış xalq-Heydər Əliyev birliyi xarici antiazərbaycan dairələrinin dəstəyi ilə 1994 və 1995-ci illərdəki dövlət çevrilişlərinə cəhdlərin, eləcə də fiziki məhvetməni qarşısına məqsəd qoymuş terrorların genişlənməsinin qarşısını aldı. Nəhayət, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanmış və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bununla da, Azərbaycan demokratik dövlət olaraq dünyaya açıldı və Heydər Əliyev xalqımızın milli kimliyini beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etdi.

 

YAP cəmiyyətin ictimai-siyasi səfərbərliyini reallaşdırdı

 

Təkzibolunmaz faktdır ki, ölkəmizin ictimai-siyasi sabitliyinin təmin edilməsində, müasir siyasi sistemin formalaşdırılmasında və dövlət idarəçiliyinin sivil metodologiyasının ortaya qoyulmasında dahi şəxsiyyət Heydər Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının rolu müstəsna idi. Bu mənada, 1992-ci il noyabr ayının 21-də xalqın istəyi və zamanın tələbi ilə yaranan YAP-ın keçdiyi 22 illik dövr müstəqil Azərbaycanın müasir tarixi kimi də dəyərləndirilir.

O zaman Yeni Azərbaycan Partiyasının qarşısında ölkəni düşdüyü ağır durumdan, dövlət müstəqilliyini itirmək kimi təhlükədən xilas etmək, ictimai-siyasi gərginliyi, iqtisadi böhranı aradan qaldırmaq, ən əsası xalqda sabaha olan ümidini bərpa etmək missiyası dururdu. Partiyanın yaradılması ilə bağlı xalqın istəyini özündə ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciətdə “indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz!.. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar” kimi fikirlərin əks olunması cəmiyyətin ictimai-siyasi baxımdan təşkilatlanmaya nə qədər ehtiyac duyduğunu ortaya qoyurdu. Ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında “əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram” - deyə bəyan etməsi xalqda sabaha inam yaratdı, Azərbaycanın bugünkü reallıqları üçün bünövrə rolunu oynadı. Məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etdi. Ona görə də YAP müxalifət partiyası kimi yaransa da, daim dövlətçiliyə, xalqa sadiq oldu. Eyni zamanda, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtidar partiyasına çevrilən YAP proqram və nizamnaməsinə uyğun olaraq, qarşısına qoyduğu missiyanı uğurla yerinə yetirdi. Bu səbəbdəndir ki, Azərbaycanın uğurlarına ilbəil bələdçilik edən Yeni Azərbaycan Partiyası milyonların sevgisini qazandı, sıralarını isə kəmiyyət və keyfiyyət baxımından günbəgün daha da möhkəmləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, YAP bu gün nəinki ölkənin, hətta bölgənin aparıcı siyasi təşkilatıdır.

Hazırda Yeni Azərbaycan Partiyası sıralarında 630 mindən çox üzv birləşir. Məhz 1992-ci ildə təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən partiyanın ötən dövr ərzində sıralarında müşahidə olunan dinamik artım insanların Heydər Əliyev ideyalarına sədaqətinin və ölkədə həyata keçirilən siyasətin gələcəyinə inamının təsdiqidir.

Bu günün reallıqları bir daha bizi müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb, bu faktı təsdiqləməyə sövq edir ki, əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq qeyri-mümkün olardı. Elə buna görə də bu gün əminliklə deyə bilərik ki, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxaran əsas amil ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətdir.

Möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında bəyan etdiyi kimi, “bu gün biz - ulu öndər Heydər Əliyevin siyasi varisləri, davamçıları onun ölməz xatirəsi qarşısında bir daha söz verir və and içirik ki, bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!”.

 

Siyasi sabitlik və etimad mühiti Azərbaycanı sərmayələr məkanına çevirdi

 

Bu fikir həqiqətdir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. Müstəqilliyimizin ilk illərində ölkədə müşahidə olunan ictimai-siyasi vəziyyətin gərginliyi bu diqqət və marağa təsirsiz ötüşməyib. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, müasir beynəlxalq münasibətlər sisteminin aktoruna çevrilmiş transmilli şirkətlər ölkə iqtisadiyyatına qoyacaqları vəsaitlərin təhlükəsizliyinə əmin olmadıqları üçün müəyyən tərəddüdlər içərisində idilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin yaranması, müharibənin qarşısının alınması bu tərəddüdlərin aradan qaldırılmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev “Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan bütün iş adamlarının üzünə açıqdır” söyləməklə bir daha xarici investorları qoyacaqları sərmayələrin təhlükəsizliyinə tam təminat verdi. Məhz bu çağırış, eyni zamanda, ölkədə mövcud olan sabitlik xarici investorların Azərbaycana olan marağına, əlaqələrin inkişafında göstərdikləri səylərə müsbət təsir etdi. Bu il 20 illiyini qeyd edəcəyimiz “Əsrin müqaviləsi”nin 1994-cü il sentyabrın 20-də imzalanması Azərbaycana olan inamı bir daha ortaya qoydu. Ölkəmizin beynəlxalq aləmdə sabitlik diyarı kimi nüfuz qazanması qısa müddətdə böyük investisiya axınına yol açdı, Azərbaycan böyük sərmayələr məkanına çevrildi. Təbii ki, bu uğur ölkə iqtisadiyyatının sürətli inkişafına və digər sahələrə öz müsbət təsirini göstərdi.

 

Azərbaycan dünyaya günəş kimi doğdu, yaxud yeni neft strategiyası

 

Neft sənayesini iqtisadiyyatın onurğa sütunu adlandıran ulu öndər Heydər Əliyevin neft amilinə verdiyi dəyər bu günümüz üçün hesablanmış addımlar sırasındadır. Heç bir ölkənin qarşılıqlı səylər, təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirmək imkanında olmadığını bildirən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açdı, ölkəmizin gələcəyinə olan inam daha da artdı. 2014-cü il iyunun 3-də keçirilmiş XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi-konfransının açılışında möhtərəm Prezident İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə diqqət mərkəzindədir: “1994-cü ildə ilk sərgi keçirilmişdir və ondan bir neçə ay sonra bizim bugünkü uğurlu inkişafımızı böyük dərəcədə müəyyən edən “Əsrin kontraktı” imzalanmışdır. Bu, tarixi hadisə idi. Çünki bu gün təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, - Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənayenin inkişafından söhbət gedə bilməzdi, - bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı olaraq qalacaqdı”.

Beləliklə, Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan möhkəm beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etdi.

Neft təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur

 

Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, Fond ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir.

Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır.

Əlbəttə, dünyada neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara bəzən heç də uğur gətirmir. Həmin ölkələrdə bir qrup həddindən artıq varlanır, digər sosial təbəqələrdə isə rifah halı yüksəlmir. Beləliklə də, uçurum və bərabərsizlik sosial partlayışlara gətirib çıxarır. Elə ümummilli lider Heydər Əliyevin Azərbaycanın neft strategiyasını və iqtisadi inkişaf konsepsiyasını müəyyənləşdirərkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə etməsi Azərbaycanın bu kimi problemlərdən yan keçməsinə səbəb oldu. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin əsas xəttini təşkil etdi. Daim xalqına güvənən, xalqına arxalanan ümummilli lider Heydər Əliyev iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı və bu siyasət hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməkdədir.

 

Demokratiya Azərbaycan xalqının həyat tərzidir

 

Azərbaycanda demokratik təsisatlar da məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradıldı, möhkəmləndirildi. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir: “Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz”.

Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan bir-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə söz, ifadə, mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi bir daha təsdiqlədi ki, demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməldədir.

Milli Konstitusiyamızın qəbulundan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi geniş vüsət aldı. Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən öhdəliklər tam aydınlığı ilə müəyyənləşdirildi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

İmzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda insan hüquqlarının qorunması, beynəlxalq standartlara tam uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulurdu. Bu sahədə müəyyən təcrübə toplamış beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığına diqqətin artırılması, müxtəlif konvensiyalara, sazişlərə qoşulmaq müsbət nəticəsini göstərdi. İlk dəfə olaraq, Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Atılan addımlar bu reallığı təsdiqlədi ki, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritetidir.

Azad mətbuatın inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Konstitusiyanın 50-ci maddəsindən irəli gələrək, senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.

Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist təşkilatlarının fəaliyyət göstərməsi azad mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. Ulu öndər Heydər Əliyevin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının davamlılığının nəticəsi idi ki, O, 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində də mühüm addımlar atıldı. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik kimi dəyərləndirildi. Azərbaycanın 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunması demokratik dəyərlərə sadiqliyinin bariz təcəssümü oldu. Ötən dövr ərzində qurumla Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı, qəbul edilən qərar və qətnamələrdə demokratik təsisatların inkişafına xidmət edən addımların təqdir olunması bir daha onu təsdiqləyir ki, dövlətimiz demokratik dəyərlərə bu gününün, sabahının əsası kimi baxır. Çünki demokratiya Azərbaycan xalqının həyat tərzidir.

 

Müstəqil xarici siyasət başlıca şərtdir

 

Bu bir tarixi həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə alan müvafiq xarici siyasət kursu işləyib hazırlaya bilmədilər. 1991-1992-ci illərdə Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki prioritet vəzifələri müəyyənləşdirib həyata keçirmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı siyasət yeridərək ölkəni çətin duruma saldı. Müxtəlif məsuliyyətsiz bəyanatlarla Azərbaycanı istər daxildə, öz vətəndaşları arasında, istərsə də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu. Xarici siyasət sahəsində yaşanan problemlərin baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşayiət olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını zəbt etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi dövlətçiliyimiz üçün faciəli anlar yaşatdı. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, beynəlxalq aləmlə əlaqələrin konturları, prioritetləri müəyyən edildi. Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraq dairəsi, geosiyasi və geoiqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Beləliklə də, bütün prioritetlər nəzərə alınaraq, banisi ümummilli lider Heydər Əliyev olan balanslaşdırılmış xarici siyasət strategiyası reallaşdırılmağa başlandı.

Ümummilli Lider hər bir xarici ölkəyə səfəri zamanı diqqəti Azərbaycan həqiqətlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəltdi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan reallıqlarının təbliğində diasporun rolunu da önə çəkərək, diaspor quruculuğu istiqamətində mühüm addımlar atdı. Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsinin gərəkliyi önə çəkildi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Dünya azərbaycanlılarının vahid mərkəzdən idarə olunmasının yüksək səviyyədə həyata keçirilməsi üçün ulu öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Qeyd edək ki, Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin martında Dünya Azərbaycanlılarının II qurultayı, 2011-ci ilin iyulunda isə Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Qurultaylarda da bu məqam xüsusi vurğulandı ki, bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, qlobal miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görür. Azərbaycanın etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dövlətimizin yeritdiyi müstəqil xarici siyasətlə sıx bağlıdır. Azərbaycan dövləti bu imkanlardan istifadə edərək, dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara daha böyük qayğı ilə yanaşır, onların birliyinin möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərir. Bunun nəticəsidir ki, bu gün artıq Azərbaycan diasporunun yaxşı təşkilatlanması, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onlar Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarındadır.

Ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatiyanın rolu inkaredilməzdir. Dövlətimizin başçısı bildirir ki, bizim diplomatiyamız özünümüdafiə xarakteri daşımamalı, hücum diplomatiyası olmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar.

“Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir” - deyən Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı bütün bölgələri azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın diplomatik mübarizədə qələbəsi, artan iqtisadi imkanları, beynəlxalq standartlara cavab verən güclü ordusu, xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi bu əminliyi gücləndirən əsas amillərdir.

 

1993-2003-cü illər sabitlik, inkişaf və tərəqqi dövrü kimi yadda qaldı

 

Bir sözlə, aparılmış qısa təhlil tariximizin 1993-2003-cü illərin aydın mənzərəsini yaradır və 2014-cü il mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyevin böyük inamla və qətiyyətlə söylədiyi bu fikirlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinə, Qurtuluş məfkurəsinin ölkəmizə qazandırdığı uğurlara bir daha işıq salır: “1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk”.

 

Yola davam…

 

“Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur” - deyərək bildirən Prezident İlham Əliyev qətiyyətlə söyləyir: “Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir”.

Ölkənin hərtərəfli inkişafında iqtisadi amil son on ildə də həyata keçirilən siyasətin ana xəttini təşkil edib. Enerji sahəsində qazanılan davamlı uğurlar bir daha bu reallığın təsdiqləyir ki, uğurlu başlanğıc növbəti nailiyyətlər üçün möhkəm bazadır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurları davam edir. Enerji bazarında önəmli rolu, təşəbbüskarlığı ilə fərqlənən Azərbaycanda neft strategiyasının icrası sahəsində görülən işlər, yaranan imkanlardan səmərəli istifadə nəticəsində respublikamızın adı dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında çəkilir. “Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik” - deyən Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığı regionda sabitlik üçün başlıca amil hesab etməklə enerji təhlükəsizliyində ölkəmizin əsas fiqurlardan biri olduğunu öz praqmatik siyasəti ilə bir daha təsdiqlədi. Avropanın enerji təhlükəsizliyinin təminatında qədim odlar yurdunun xüsusi əhəmiyyəti barədə dövlət başçılarının, siyasətçilərin, xarici mütəxəssislərin söylədikləri xoş sözlər də bu qənaət üçün əsas yaradır. Bu bir həqiqətdir ki, dünyanın enerji və yanacaq satışı bazarında böyük nüfuza malik, qitə dövlətləri üçün sabit və mühüm enerji mənbəyi olan Azərbaycanın maliyyə imkanları artmaqdadır.

“Hədəfimiz bundan sonra da irəli getməkdir” - deyərək bildirən Prezident İlham Əliyev TANAP, TAP kimi layihələri xalqlar arasında əməkdaşlığın möhkəmlənməsi, bölgədə sabitliyin təminatı baxımından daha əhəmiyyətli hesab edir: “Bu gün gözəl bir əməkdaşlıq mühiti vardır və bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq”.

Qeyd edək ki, ötən ilin dekabrında imzalanan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması dayanıqlı çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev bildirir: “Şahdəniz-2” layihəsi bundan sonra uzunmüddətli dayanıqlı inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaqdır. Bu, öz növbəsində on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcəkdir”.

Azərbaycanın enerji sahəsində qazandığı uğurlardan bəhs edərkən ARDNŞ-in bütün tərəfdaşlarla çox gözəl əməkdaşlığının mövcudluğu xüsusi vurğulanır. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bu əməkdaşlığın yaranması da məhz “Əsrin kontraktı”ndan başlamışdır. Bu kontraktın imzalanması ilə Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq şirkətə çevrilmişdir. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin həm ölkə daxilində, həm dünyada çox güclü mövqeləri vardır. Bu gün SOCAR-ın nəinki Azərbaycanda, müxtəlif yerlərdə böyük investisiya layihələri vardır, bu investisiyalar Türkiyədə, Gürcüstanda, İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş Ərəb Əmirliklərində uğurla icra edilir və SOCAR öz investisiya layihələrini həyata keçirir”.

Prezident İlham Əliyev şirkətin qarşısında dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilmək vəzifəsini qoyub. Bu gün ARDNŞ-in adının nüfuzlu beynəlxalq şirkətlər sırasında çəkilməsi bu istiqamətdə atılan biri-birindən əhəmiyyətli addımların nəticəsidir.

Neft sektorunda xarici sərmayələr üçün mühüm məkana çevrilən Azərbaycanın iqtisadi mühiti hazırda qeyri-neft sektoruna da marağı artırır. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycana əhəmiyyətli maliyyə imkanları qazandırmaqla yanaşı, sabitlik amili kimi də ciddi təsir imkanını ortaya qoydu. Bu strategiya eyni zamanda nəhəng layihələrdə Azərbaycanın söz sahibi olması, neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməsi istiqamətində ciddi addımlar atması ilə bərabər, ölkənin etibarlı tərəfdaş imicinin formalaşmasına da böyük təsir göstərir. Bunu nəzərə alan Prezident İlham Əliyevin regionların inkişafını prioritet məsələ kimi önə çəkməsi uğurlu iqtisadi və sosial siyasətin nəticəsi kimi ictimaiyyətdə xüsusi rəğbət doğurur.

Son on ildə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkədə bir milyondan artıq yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə enib, işsizlik 5 faiz təşkil edir. Ölkəmizə 160 milyard dollar investisiya cəlb olunub ki, ötən il bu rəqəm rekord həddə çataraq 28 milyard dollar təşkil edib. Bölgələrdə sahibkarlığın sürətli inkişafı, mövcud infrastrukturun yenidən qurulması, yolların və kommunikasiyaların əsaslı şəkildə bərpası, elektrik enerjisi, qaz təminatlı problemin həlli yerlərdə istehsal potensialını gücləndirməklə bərabər, bölgə sakinlərinin Bakıya axınının qarşısını alaraq, daxili miqrasiya prosesini xeyli dərəcədə azaldıb. ÜDM-də özəl bölmənin payı 85,5 faiz təşkil edir. Sahibkarlığın inkişafı istiqamətində atılmış addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Son on ildə Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulub, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilib. İnkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi belə bir həqiqəti çoxdan sübuta yetirib ki, bazar iqtisadiyyatına keçid dövründə özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan cəmiyyət qarşısında dayanmış bir sıra strateji vəzifələri həyata keçirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini aşağı salmaq, infrastrukturu yeniləşdirmək, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq çətindir. 2004-2008, 2009-2013-cü illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası növbəti proqramın təsdiqinə zəmin yaratdı. Artıq Dövlət Proqramının üçüncü mərhələsinə start verilib və 2014-2018-ci illər üçün yeni vəzifələr müəyyənləşdirilib.

Bu gün Azərbaycanın ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən birinə çevrilməsi, sənaye potensialının artımına, iqtisadi inkişaf tempinə görə dünyada ön yeri tutması beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında da öz əksini tapır. Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib. Beynəlxalq Valyuta Fondunun qənaətinə görə, Azərbaycanda mövcud inkişaf tempi saxlanılarsa, yoxsulluq yaxın zamanlarda tamamilə aradan qaldırılacaq. Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatında isə Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə layiq görülüb.

Heydər Əliyev siyasətini hər sahədə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatların uğurlu nəticələri göz qabağındadır. İnsan hüquq və azadlıqlarının qorunmasının yeni müdafiə mexanizmlərinin yaradılması, seçkilərin demokratikliyini təmin etmək üçün qabaqcıl təcrübələrin tətbiqi, “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi, siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasında həyata keçirilən yeniləşmə, demokratik və hüquqi dövlətin əsas atributlarından biri olan azad mətbuatın inkişafına yönələn addımlar da bu günümüzün gerçəklikləri sırasındadır. Dövlətimizin azad mətbuatın inkişafına diqqətinin bariz təcəssümü möhtərəm Prezidentimizin iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsidir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Milli Mətbuatımızın 138 illik yubileyində 17 mərtəbəli, iki bloklu, 156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə verilməsi, eyni zamanda “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezidentin Sərəncamı da bu diqqət və qayğının göstəricilərindəndir. Bu gün böyük qətiyyətlə demək olar ki, ölkəmizdə beynəlxalq standartlar səviyyəsində kütləvi informasiya vasitələrinin mövcudluğu ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin demokratik dəyərlərə önəm verməsi sayəsində mümkün olub.

Azərbaycanın uğurlu daxili siyasətinin davamı kimi dəyərləndirilən xarici siyasətdə də əldə olunan nəticələrin miqyası genişdir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır, Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu inamın təsdiqi, bütün sahələrdə qazandığı uğurların göstəricisidir. Bu uğur eyni zamanda Azərbaycanın ədalətli mövqeyinin təntənəsidir.

Dövlətimizin başçısı İlham Əliyev hər zaman bəyan edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Bu baxışı formalaşdıran, yeni-yeni hədəflərə yol açan əsas amil isə təbii ki, inkişaf strategiyasına yeni prioritetlərin əlavə olunmasıdır. Təkmilləşmə, müasirləşmə, modernləşmə dövrün əsas tələbi olduğundan qarşıdakı illər üçün nəzərdə tutulan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası gələcək uğurlarımızın aydın mənzərəsini yaradır. Məqsəd Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş dövlətlər sırasına çıxarmaq, ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Sözsüz ki, yeni hədəf qarşıya qoyulursa, onun həyata keçirilməsinə böyük inam mövcuddur. Bu inamı şərtləndirən başlıca amil isə düşünülmüş və gələcəyə hesablanmış siyasətdir. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda bir daha bildirdi ki, “Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq”.

Bir sözlə, son on ilin uğurları da çoxşaxəli və ölkəmizin perspektiv inkişafı baxımından olduqca əhəmiyyətlidir. Çünki 10 ildə əsrə bərabər inkişaf dövrü keçən, uğurlarının miqyası ilə dünyanın diqqətində olan Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün məkan seçilirsə, inkişafın Azərbaycan modelinin mövcudluğu yüksək səviyyələrdə bildirilirsə, deməli, ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradılıb ki, bu bünövrənin üzərində respublikamız davamlı inkişaf edir, sabaha inamla irəliləyir. Bu mənada, hər bir Azərbaycan vətəndaşının həyatında əhəmiyyətli dönüş yaratmış Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir.

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO