SİYASƏT
Milli Qurtuluş Günü münasibətilə əsgər və zabitlər üçün bayram konserti təşkil edilmişdir
Füzuli, 11 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Horadiz sərhəd dəstəsində əsgər və zabitlər üçün bayram konserti təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində böyük irəliləyiş, inkişaf baş vermiş, ölkədə nizami ordu yaradılmışdır. 1993-cü ilin sonlarında Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısı alınmış, Azərbaycan ordusu əks hücuma keçərək, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun 21 kəndini və Horadiz qəsəbəsini işğaldan azad etmişdir.
Bildirilmişdir ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi onu deməyə imkan verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Xidmətdə fərqlənən zabitlərə bayram münasibətilə hədiyyələr təqdim olunmuşdur.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam etmişdir.
Əsgər və zabitlər Xalq Artisti Nisə Qasımovanın və tanınmış incəsənət ustalarının ifasında təqdim olunan musiqi nömrələrini böyük maraqla dinləmişlər.