SİYASƏT
Milli Qurtuluş Gününə həsr olunmuş sərgi-konfrans
Sumqayıt, 16 iyun (AZƏRTAC). Sumqayıt Dövlət Universitetində (SDU) ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitablarının nümayiş olunduğu sərgi-konfrans keçirilmişdir. Tədbir 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmişdir.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılan büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarına baxış keçirildikdən sonra tədbir universitetin akt zalında davam etdirilmişdir. Sərgi-konfransda çıxış edən universitetin rektoru Elxan Hüseynov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söhbət açaraq qeyd etmişdir ki, 21 il bundan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsindən, hərtərəfli tənəzzüldən xilas edilmişdir. Vurğulanmışdır ki, Ulu Öndər hələ Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu dövrdə ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuşdu.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetinin sədri seçilməsi Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdır. Ümummilli lider hakimiyyətə qayıtdıqdan bir il sonra - 1994-cü ildə neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi" imzalanmışdı. Natiq Ulu Öndərin yürütdüyü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın bu gün Şərqlə Qərbi birləşdirən əlverişli tranzit məkan kimi Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ulu Öndərin kitabxanadakı çıxışını xatırlatmışdır. “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs davam edə bilər” - deyən Ümummilli Liderimiz nəcib təşəbbüsün başlanğıcını qoydu. Doğrudan da xalqımızın böyük oğlunun bu çağırışı cavabsız qalmadı. Görkəmli alimlərimiz və ziyalılarımız Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli kitab bağışladılar.
Prezident İlham Əliyevin də ölkədə kitabxana işinə qayğısından bəhs edən professor Tahir Kərimov çıxışını ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə yekunlaşdırmışdır: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov, Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyatı işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov, SDU-nun ümumi tarix kafedrasının müdiri, professor Şirxan Səlimov, şair-dramaturq Əvəz Mahmud Lələdağ çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən və xilaskarlıq missiyasından söhbət açmışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev tarixi qayıdışı ilə Azərbaycana sülh, sabitlik, və inkişaf gətirdi. Praqmatik, mütərəqqi və demokratik dəyərlərə əsaslanan idarəetmənin bünövrəsini qoymaqla, hərtərəfli tərəqqiyə yol açdı.