SİYASƏT
MİNSK QRUPUNUN YENİ TƏKLİFLƏRİ ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN HƏLLİNİN SÜRƏTLƏNDİRİLMƏSİNƏ YÖNƏLDİLMİŞDİR
Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona gətirdikləri yeni təkliflər bu münaqişənin həllinin sürətləndirilməsinə yönəldilmişdir. Bunu martın 8-də keçirilmiş mətbuat konfransında həmsədrlər Filip dö Sürmen, Nikolay Qribkov və Rudolf Perina, habelə Rusiya xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov açıqlamışlar.
Həmsədrlər danışıqlar prosesinin gedişini gizli saxlamaq barədə Azərbaycan Prezidenti Heydər Əliyevə və Ermənistan Prezidenti Robert Koçaryana verdikləri vədə sadiq qaldıqlarını söyləyərək, jurnalistlərə bildirmişlər ki, Azərbaycan Prezidenti yeni təklifləri dinləmiş və ümumən dəstəkləmişdir. Onlar Ermənistan prezidentini də bu təkliflərlə tanış edəcəklər. İki prezident arasında görüşlərin tez-tez keçirilməməsi ilə əlaqədar belə bir təklif irəli sürülmüşdür ki, danışıqlar prosesinə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri də qoşulsunlar.
Mətbuat konfransında hər iki ölkədə ictimai rəyi münaqişənin qarşılıqlı surətdə məqbul həllinə, bu məsələyə məsuliyyətlə yanaşmağa hazırlamaqda kütləvi informasiya vasitələrinin rolu da vurğulanmışdır.