SİYASƏT
Misirin aparıcı KİV-lərində Azərbaycan Prezidenti İlham Əliyevin Praqa Sammitindəki çıxışından bəhs edən məqalələr yayılmışdır
Qahirə, 29 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş Praqa Zirvə görüşündəki çıxışı Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı əsasında bu ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrində yayılmışdır.
Misirin Yaxın Şərq Xəbərlər Agentliyində, “Əl-Youm Əs-Sabi”, “Albawabhnews”, “Akhbarak”, “El5abar” və “Shorouknews” internet resurslarında Prezident İlham Əliyevin çıxışındakı əsas məqamlardan bəhs olunmuşdur.
Məqalələrdə bildirilir ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasındakı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmiş, son beş ili Avropa təsisatları ilə daha yaxın əlaqələrin qurulması baxımından çox əhəmiyyətli hesab etmişdir. Dövlətimizin başçısı ötən 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatların həyata keçirildiyini, Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimizin çox geniş və konstruktiv olduğunu, əlaqələrin mahiyyətinin müsbət istiqamətdə dəyişdiyini vurğulamışdır.
Yazılarda, həmçinin Prezident İlham Əliyevin “Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir” fikirləri də yer almışdır.
Dövlətimizin başçısının Sammitdəki çıxışından aşağıdakı sitat gətirilmişdir: “Əsasən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir”.
Məqalələrdə Prezident İlham Əliyevin Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlığın davam etdirilməsi zərurəti barədə dediyi sözlər də diqqətə çatdırılmışdır.
Yazılarda dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı fikirləri də yer almışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə