ORDU
MN: Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub VİDEO
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.