İDMAN
MOK rəsmisi ANOC-un missiya rəhbərlərinin ikinci seminarında iştirak edib
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev avqustun 5-dən 12-dək İndoneziyadakı Bali adasında keçiriləcək Dünya Çimərlik Oyunlarının missiya rəhbərlərinin ikinci seminarına qatılıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, yarışların keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları, həmçinin yarışların açılış və bağlanış mərasimləri, logistika, tibb, nəqliyyat, gəliş-gediş, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akkreditasiya, atletlərin qeydiyyatı və yerləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib. Missiya rəhbərlərinin Oyunlar öncəsi planlaşdırma və əməliyyatların bütün aspektləri, eləcə də Bali-2023 barədə ən son məlumatlarla tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas məqsədi olub.
Qeyd edək ki, Dünya Çimərlik Oyunları - Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) tərəfindən yaradılan və ilk dəfə 2019-cu ildə Qətərin ev sahibliyi edən qlobal çox idmanlı tədbirdir. Doha-2019-da ölkəmizi bu oyunlarda 7 idmançı təmsil edilib.
Azərbaycan komandası çimərlik oyunlarında 4 gümüş 1 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıb.