SİYASƏT
MOLDOVA AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ YÜKSƏK DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Bakı, 14 aprel (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov ölkə prezidentinin səlahiyyətlərini icra edən Mixay Qimpunun fərmanı ilə Moldova Respublikasının Dövlət mükafatı “Gloria Muncii” ordeni ilə təltif edilmişdir.
Moldovadakı Azərbaycan diasporunun rəhbəri bu mükafata millətlərarası dostluğun möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi sahəsində, həmçinin məhsuldar təşkilati və ictimai fəaliyyətinə görə layiq görülmüşdür.
Qeyd edək ki, “Gloria Muncii” mükafatı 1992-ci il iyunun 30-da təsis edilmişdir. Bu yüksək mükafat ölkə prezidentinin fərmanı ilə təqdim olunur.
Komitənin məlumatında o da qeyd edilir ki, Vüqar Novruzov 1962-ci ildə Laçın rayonunda anadan olmuş, ali təhsilini Moldovada almışdır, hüquq elmləri doktorudur. Həmyerlimiz “Azmol Company” şirkətinin baş direktorudur.
Moldova Azərbaycanlıları Konqresinin Moldovada yaşayan bütün soydaşlarımızın vahid ideya ətrafında birləşməsi, əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəylik hisslərinin gücləndirilməsində müstəsna xidmətləri vardır.