SİYASƏT
Moskvada milli-mədəni muxtariyyətlərin rolunun artırılması məsələləri müzakirə edilmişdir
Moskva, 5 may (AZƏRTAC). Federasiya Şurasında Federasiya Şurasının sədri yanında Dövlət Mədəni Siyasət Şurasının “Rusiya xalqlarının mənəvi mədəniyyətinin qorunub saxlanmasında və inkişaf etdirilməsində milli-mədəni muxtariyyətlərin rolunun artırılması haqqında” mövzusunda iclas keçirilmişdir. İclas “Milli-mədəni muxtariyyət haqqında” Federal Qanunun qəbul edilməsinin 15 illiyinə həsr edilmişdir.
RF Federasiya Şurasının sədri Sergey Mironov öz çıxışında qeyd etmişdir ki, Rusiyanın milli-mədəni müxtəlifliyi Rusiya xalqının mənəvi sərvətinin əsasıdır. O vurğulamışdır ki, dövlətin qarşısında məsul vəzifə - ölkədə məskunlaşan bütün xalqların identikliyini qoruyub saxlamaqla tamdəyərli Rusiya millətini yaratmaq vəzifəsi qoyulmuşdur. Bu vəzifə Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən ifadə edilmişdir.
RF mədəniyyət naziri Aleksandr Avdeyev öz çıxışında təəssüflə əlavə etmişdir ki, hələlik Rusiyada bu sahədə dövlətin vahid şaquli xətti müəyyən edilməmişdir. Onun fikrincə, milli-mədəni siyasət problemləri ilə kompleks şəkildə məşğul olan və onu əlaqələndirən bir orqan yaradılması zəruridir. Nazir işin qiymətləndirilməsi sistemində həmin ərazilərdə yaşayan azsaylı xalqların mədəniyyətinin qorunub saxlanması üzrə fəaliyyətin nəzərə alınmasını təklif etmişdir.
İclasda çıxış edənlər Rusiya xalqlarının özəl xüsusiyyətlərinin qorunub saxlanması və çoxmillətli cəmiyyətdə onların daha sıx inteqrasiyası işində dövlət qurumlarının və federal milli-mədəni muxtariyyətlərin səylərini əlaqələndirməyin vacibliyini qeyd etmişlər.
Şuranın iclasında Rusiya parlamentinin, İctimai Palatanın, habelə federal-mədəni muxtariyyətlərin, o cümlədən Rusiya azərbaycanlılarının federal-mədəni muxtariyyətinin nümayəndələri iştirak etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva