SİYASƏT
MOSKVADAKI AZƏRBAYCAN DİASPORU YANĞINDAN ZİYAN ÇƏKƏNLƏRƏ YARDIM AKSİYASINA QOŞULMUŞDUR
Moskva, 11 avqust (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional bölməsi (ÜAK MRB) yanğından ziyan çəkmiş Rusiya vətəndaşlarına yardım aksiyasına qoşulmuşdur. ÜAK MRB-nin sədri İlqar Hacıyev bildirmişdir ki, ÜAK MRB Rusiya Prezidenti Dmitri Medvedevin çağırışına və Rusiya İctimai Palatasının (RİP) təşəbbüsünə fəal qoşulmuşdur.
RİP yanğınların söndürülməsi və zərərçəkmişlərə yardım göstərilməsində könüllü iştirak edən ictimai təşkilatların və təşəbbüs qruplarının fəaliyyətini əlaqələndirir. İlqar Hacıyev demişdir: “Moskvada və Rusiyanın digər regionlarında yaşayan azərbaycanlılar da hərəkatdan geri qalmayaq, ehtiyacı olanlara mümkün yardımı göstərəcəklər. Biz Rusiya İctimai Palatasının Rusiya Əmanət Bankı ilə birlikdə açdığı xüsusi hesaba vəsait köçürürük. Yanğından ziyan çəkənlər üçün geyim və digər zəruri əşyaların toplanmasını təşkil etmişik. Çətin anlarda bir yerdə olmağımız çox vacibdir. Rusiya İctimai Palatasının ÜAK MRB də daxil olmaqla ictimai təşkilatların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində təşəbbüslərini qeyd etmək istərdim”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva